AQTA: Tələblərə cavab verməyən heyvan kəsimi məntəqələrinin fəaliyyəti dayandırılacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində növbəti genişmiqyaslı monitorinq və qiymətləndirmə tədbirləri həyata keçirilib.
Hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü aktiv fəaliyyət göstərməkdədir.
Aparılan yoxlamalar zamanı respublika üzrə fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 27-sinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunub. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib. Monitorinq zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normativlərinin pozulduğu məntəqələrin sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. AQTA xəbərdar edir ki, təyin olunmuş vaxt ərzində müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaqdır.
Heyvan kəsimi məntəqələrinin müasir standartlara cavab verməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən heyvanların identifikasiyası və izlənməsi sisteminin qurulması, həmçinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrası baxımından strateji əhəmiyyət kəsb edir.
Müasir kəsim məntəqələrinin mövcudluğu, identifikasiya olunmuş, mənşəyi və baytarlıq keçmişi məlum heyvanların kəsiminə zəmin yaradan əsas amildir. İdentifikasiya olunmamış heyvanların kəsim məntəqələrindən kənarda kəsilməsi isə əhalinin sağlamlığı üçün ciddi risk yaradır. Bu baxımdan, standartlara cavab verən kəsim məntəqələrinin fəaliyyəti həm heyvanların identifikasiya və izlənmə sisteminin uğurlu qurulması, həm də ölkədə qanunsuz heyvan kəsiminin qarşısını almaq üçün ən effektiv alətdir.
Monitorinqlərin nəticələri göstərir ki, hazırda respublikanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Kəsim infrastrukturunun olmaması həmin ərazilərdə heyvanların identifikasiyası mexanizminin tam tətbiqinə mane olur və qanunsuz kəsim riskini artırır. Bu səbəbdən həmin rayonlarda əhalinin təhlükəsiz ət məhsulları ilə təmin olunması və qanunsuz kəsimin köklü şəkildə aradan qaldırılması üçün müasir kəsim məntəqələrinin yaradılması vacibdir.
Ölkə ərazisində heyvan kəsim məntəqəsi fəaliyyət göstərməyən rayonlar
| Regional Bölmənin (RB) adı | Heyvan kəsim məntəqəsi fəaliyyət göstərməyən rayonlar |
| Abşeron-Xızı RB | Xızı |
| Quba-Xaçmaz RB | Quba |
| Dağlıq Şirvan RB | Ağsu, Qobustan |
| Şirvan-Salyan RB | Salyan, Biləsuvar, Neftçala, Şirvan |
| Lənkəran-Astara RB | Lerik, Yardımlı |
| Şəki-Zaqatala RB | Balakən, Qax, Qəbələ, Oğuz |
| Gəncə-Daşkəsən RB | Naftalan, Daşkəsən |
| Qazax-Tovuz RB | Ağstafa |
| Mil-Muğan RB | Saatlı |
| Mərkəzi Aran RB | Ucar, Mingəçevir, Zərdab, Göyçay, |
| Qarabağ RB | Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdərə, Ağdam |
| Şərqi Zəngəzur RB | Qubadlı, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Laçın |
Əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilməkdədir. Qanunsuz kəsim və ya sanitar qaydaların pozulması halları ilə qarşılaşdıqda vətəndaşlardan Agentliyin "1003 – Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:40


























