mobil versiya

DİN xəbərdarlıq edir: DİN yanında İctimai Şura vətəndaşları onlayn alış-verişdə diqqətli olmağa çağırır








Daxili İşlər Nazirliyi onlayn alış-veriş zamanı kiberfırıldaqçılıq halları ilə bağlı vətəndaşlara növbəti dəfə xəbərdarlıq edib. Nazirliyin məlumatında bildirilir ki, aparılan maarifləndirmə tədbirlərinə və çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bu sahədə dələduzluq halları davam edir.

Araşdırmalar və daxil olan şikayətlər göstərir ki, kibercinayətkarlar sosial şəbəkələrdə və internetdə saxta satış səhifələri yaradır, müxtəlif məhsulları cəlbedici, bəzən isə bazar qiymətindən xeyli aşağı qiymətə təklif edirlər. Ödənişi aldıqdan sonra isə alıcı ilə əlaqəni kəsir, telefon nömrəsini və sosial şəbəkə hesablarını bloklayırlar.
Belə hallarda söhbət təkcə uğursuz alış-verişdən getmir. İnsan pulunu itirə, ehtiyatsız davrandıqda isə bank kartı və digər məxfi məlumatlarını da qarşı tərəfə vermiş ola bilər. Bunun nəticəsi ilkin ödənişdən qat-qat böyük maliyyə itkisinə çevrilə bilər.
DİN vətəndaşlara onlayn və sosial şəbəkələrdə rast gəldikləri satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamağı, tanımadıqları və etibar etmədikləri şəxslərdən mal sifariş etməkdən çəkinməyi, xüsusilə əvvəlcədən ödəniş tələb olunan təkliflərə ehtiyatla yanaşmağı tövsiyə edir.
Məhsul sifariş etməzdən və pul köçürməzdən əvvəl satıcının kimliyi, əlaqə məlumatları və səhifənin etibarlılığı yoxlanmalıdır. Səhifədə çoxlu izləyicinin, şəkillərin və müsbət rəylərin olması da onun etibarlı olduğuna tam zəmanət vermir. Saxta hesablar və rəylər yaratmaq da mümkündür.
Bank kartının məlumatlarını, CVV/CVC kodunu, SMS-lə göndərilən təsdiq kodlarını və digər məxfi məlumatları heç kimə vermək olmaz. Normal alış-veriş zamanı satıcının bu məlumatları tələb etməsinə ehtiyac yoxdur.
Bir məqam da vacibdir. Fırıldaqçılıqla üzləşən vətəndaş bəzən məbləğin az olduğunu düşünərək və ya öz ehtiyatsızlığından çəkindiyi üçün polisə müraciət etmir. Halbuki hər belə məlumat əhəmiyyətlidir. Vaxtında edilən müraciət həmin şəxsin və ya saxta səhifənin başqa insanları da aldatmasının qarşısının alınmasına kömək edə bilər.
Belə vəziyyət yaranarsa, yazışmaları, ödəniş qəbzlərini, telefon nömrələrini, hesab və səhifələrin görüntülərini silməmək lazımdır. DİN vətəndaşlara dərhal “102” xidmətinə və ya Nazirliyin rəsmi sosial media hesabları vasitəsilə müraciət etməyi tövsiyə edir.
DİN yanında İctimai Şura olaraq biz də vətəndaşları bu xəbərdarlığa ciddi yanaşmağa çağırırıq. Kiberfırıldaqçılıqla mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil. Vətəndaşın diqqətli olması, məlumatlarını qoruması və şübhəli hallara vaxtında reaksiya verməsi də çox vacibdir.
İnternetdə həddindən artıq sərfəli görünən təklif bəzən ən bahalı alış-verişə çevrilə bilər.
Əmin deyilsinizsə, ödəniş etməyin. Şübhəli vəziyyətlə qarşılaşmısınızsa, susmayın — məlumat verin.


Əliməmməd Nuriyev

DİN yanında İctimai Şuranın sədri



Reportyor.az 






KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:36