mobil versiya

Ermənistan və NVİDİA əməkdaşlığı, məğlub ölkənin yeni iqtisadi modeli bizi niyə düşündürməlidir?






Baxıram ki, bizdə bəziləri Ermənistanın NVIDIA və Firebird xətti ilə süni intellekt sahəsində gördüyü işlərə çox dar çərçivədən, adi bir layihə kimi yanaşırlar. Sanki Ermənistanda sadəcə növbəti böyük data-mərkəz qurulur.

Heç də belə deyil.

Ermənistan təxminən 10 ilə yaxındır ki, addım-addım texnologiyaya əsaslanan yeni iqtisadi model üzərində işləyir. İndi qurulan AI infrastrukturu da həmin modelin əsas elementlərindən biridir.
Burada söhbət Firebird-in və ya NVİDİA-nın Ermənistan büdcəsinə nə qədər vergi ödəyəcəyindən getmir. 
Əsas məsələ bu infrastrukturun ətrafında yeni AI və İT sənayesinin formalaşmasıdır.

Hesablama gücü varsa, onun ətrafına startaplar, mühəndislər, universitetlər, vençur kapitalı və qlobal şirkətlər gəlir. Uğurlu olarsa, zamanla yeni nəhəng texnologiya şirkətləri və yeni milyardlıq  “unicorn”lar yarana bilər.

Bu prosesdə Ermənistanın arxasında birbaşa məhz NVIDIA kimi dünyanın ən böyük şirkəti dayanır. 
Xatırlayıram ki, Paşinyan NVIDIA rəhbəri Jensen Huang ilə ilk dəfə görüşəndə NVIDIA bugünkü mövqeyində deyildi, qlobal şirkətlər arasında təxminən 20-ci yerlərdə idi. Yəni bu əməkdaşlığın əsası çox -çox əvvəldən qoyulub.

Bəs bunun nəticəsi nə ola biləcək?

Sadə dillə desəm, Ermənistanda indi yalnız data-mərkəz deyil, gələcək iqtisadi və texnoloji güc formalaşdırılır.
Bu gün qurulan infrastrukturun real nəticələri 10–15 ildən sonra daha aydın görünəcək. AI və İT Ermənistan iqtisadiyyatının və büdcə gəlirlərinin böyük hissəsini, ən azı 30-40%-ni formalaşdıran sektorlardan birinə çevrilərsə, bu artıq təkcə iqtisadi məsələ olmayacaq. Bu böyük hərbi potensial deməkdir.
Güclü iqtisadiyyat siyasi və hərbi imkanları da artırır. Gələcəkdə Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi ehtimalını da nəzərə alsaq, qonşuda formalaşan belə bir iqtisadi və texnoloji gücə laqeyd yanaşmaq olmaz. 
Yəni anlaşıqlı desəm, indi orada övladlarımız üçün problem qurulur. 

P.S Ötən həftə ABŞ səfirliyinin iqtisadi məsələlər üzrə müşavirinin dəvəti ilə görüşümüz olmuşdu. ABŞ və Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq sənədləri, süni intellekt sahəsində potensial və digər məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Mən də son dövrdə Azərbaycanda bu istiqamətdə atılan addımları qeyd etdim və ABŞ texnologiya şirkətlərinin Azərbaycana daha böyük investisiyalar yatırmasının hər iki tərəf üçün faydalı ola biləcəyini bildirdim. Azərbaycanın bunun üçün ciddi enerji, coğrafi və infrastruktur potensialı olduğunu çatdırdım.

Görüşdən çıxıb maşında telefonuma baxanda gördüm ki, RİNN rəsmiləri də təxminən eyni mövzular ətrafında Çin şirkətləri ilə danışıqlar aparıblar. Təki nəticəsi olsun.
Potensialımız çox olsa da çox da ləngiyirik.

Osman Gündüz 
Azərbaycan İnternet Forumunun prezidenti

Reportyor.az





KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:54