mobil versiya

Makan Nəsirinin xatirəsi: Heç bir izi belə qalmayan uşaq





Beynəlxalq İtkinlər Günü: Minab məktəbinin 168 qurbanından biri olan uşağın yarımçıq qalmış həyat hekayəsi;

Beynəlxalq əlamətdar günlər təqvimində avqustun 30-u “Beynəlxalq İtkinlər Günü” kimi qeyd olunur. Bu gün müharibələr, silahlı münaqişələr və zorakılıq nəticəsində itkin düşən, ailələri isə illərdir onlardan bir xəbər, heç olmasa bədənlərindən kiçik bir parçanın tapılacağı ümidi ilə yaşayan insanların xatirəsi yad edilir. “İtkin düşmək” anlayışının əsl mənasını dərk etmək üçün bu insanların ailələri ilə sadəcə söhbət etmək kifayətdir. Yalnız bu zaman qarşılaşdıqları humanitar faciənin miqyasını və dərinliyini həqiqətən anlamaq mümkündür.
Övladının adı itkin düşənlərin qlobal siyahısında yer aldığı ailələrdən biri də İranlı uşaq Makan Nəsirinin ailəsidir.
Makan Nəsiri Minab şəhərindəki "Şəcərəyi-Təyyibə" ibtidai məktəbinin birinci sinif şagirdi, ABŞ və İsrailin həmin məktəbə təşkil etdiyi hücumun ilk qurbanlarından biri idi. Makan elə bir uşaqdır ki, aparılmış genişmiqyaslı axtarışlara və qabaqcıl DNT testlərinə baxmayaraq, bu günə qədər onun nəşi və ya bədəninin hər hansı bir hissəsi tapılmamışdır.
Bu faciəli hücumdan sonrakı ilk saatlardan etibarən ailə, eləcə də bütün xilasetmə və tibb qurumları onu axtarmağa başladılar. Uçqunların təmizlənməsi həyata keçirildi, qurbanların qalıqları yığıldı və çoxsaylı genetik testlər icra olundu.
Ondan hər hansı bir əsər-əlamət tapmaq məqsədilə yüzdən artıq DNT nümunəsi götürülsə də, onun bədənindən heç bir parça aşkar edilmədi. Hətta növbəti aylarda təkrar aparılmış axtarış əməliyyatlarından sonra da ondan heç bir iz tapılmadı və onun valideynləri bəlkə də hər hansı bir sümük parçasının aşkar ediləcəyi ümidi ilə hələ də iztirablı intizar içində yaşayırlar.
Məhz burada “itkinlik” anlayışı gündəlik xəbərlərdə eşitdiyimiz adi bir sözdən çıxaraq bizi XXI əsrin ən ağır humanitar faciələrindən birinin mahiyyətinə aparır.
Ölüm nə qədər ağrılı olsa da, əgər insanın nəşi əlçatandırsa, ailə nə baş verdiyini bildiyi və əzizini torpağa tapşıra biləcəyi üçün bununla müəyyən mənada təskinlik tapa bilər. Onun məzarı üstə dayanaraq yas tuta bilər. Lakin itkin düşmək ailəni ümid ilə kədər arasında rəhmsiz və dözülməz bir sərhəddə saxlayan vəziyyətdir. Makanın atası övladı üçün yas tutmalı, yoxsa onun qayıdışını gözləməyə davam etməli olduğunu bilmir.



Bir vaxtlar uşaq səsinin əks-səda verdiyi o ocaq isə indi cavabsız qalan böyük bir sualla yaşayır:
- Makan haradadır? 
Bu sual təkcə bir ailənin sualını əks etdirmir; bu, güc və sərvət sahiblərinin Makan və onun kimiləri hansı günaha görə qətlə yetirdiklərini izah etməli olduğuna inanan bütün azad insanların haqlı sualıdır. Makan müharibələrdən nəsibini almış və itkin düşmüş bütün uşaqları təmsil edir; müharibə ilə bağlı qərarların qəbul edilməsində heç bir rolu olmayan günahsız uşaqları.
Buna görə də bütün dövlətlərin, beynəlxalq təşkilatların və dünya insan hüquqları qurumlarının qarşısında duran əsas vəzifə ondan ibarətdir ki, beynəlxalq təqvimdə Makan Nəsiri kimi itkin düşənlərin adını daşıyan avqustun 30-unu — bir və ya bir neçə doğması müharibə apran dövlətlərin özbaşınalığının qurbanı olmuş ailələrin hüquqlarını müdafiə etmək və onların haqqını tələb etmək üçün qlobal bir gün kimi qeyd etsin.
Makan Nəsiri hər zaman xatirələrdə yaşayacaqdır...

Əlirza Cəbbari,
İran İslam Respublikasının Bakıdakı səfirinin müavini


Reportyor.az 


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:14