mobil versiya

168 məsum mələyin pərvazından ötən 168 gün: Əsla unudulmayacaq hadisə






"Şənbə günü, avqustun 15-i; ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarının başlanmasından 168 gün ötür. Fevralın 28-də başlanan bu hücumların ilk dəqiqələrində ABŞ ən müasir və ölümcül raketlərdən istifadə edərək Minab ibtidai məktəbinin günahsız və azyaşlı 168 şagirdini bir anın içində qətlə yetirib. Şübhəsiz ki, 168 rəqəmi təkcə İran xalqı üçün deyil, bütün azadlıqsevər və ədalətpərvər dünya insanları üçün sadəcə bir rəqəm deyil; o, dünyanın ən qüdrətli ordusunun Minab şəhərindəki "Şəcəreyi-Təyyibə" məktəbində törətdiyi kütləvi qətliamla bəşər tarixinə həkk olunmuş ən qanlı və silinməz faciələrdən birini xatırladır.

Bu, İranın Bakıdakı səfirliyinin müavini Əlirza Cəbbarinin mediada paylaşdığı məqalədə deyilir. 

Müəllif daha sonra yazır:

ABŞ-ın riyakarcasına özünü müdafiəçisi kimi göstərdiyi beynəlxalq humanitar hüquqa görə, məktəblər münaqişələr zamanı həmişə ən təhlükəsiz yerlərdən biri olmalıdır. Çünki məktəb partasında əyləşən uşaqlar nə əsgərdir, nə hərbi hədəfdir, nə də döyüş meydanının bir hissəsidir.
Buna görə də İnsan Hüquqları Müşahidə Təşkilatı bu məsələnin dövlətlərarası siyasi çəkişmələrdən kənarda durduğunu vurğulayaraq, Minab məktəbinə edilən hücumun dərhal araşdırılmasını və beynəlxalq humanitar hüququ pozanların qətiyyətlə cəzalandırılmasını tələb etmişdir.


Əslində, İnsan Hüquqları Müşahidə Təşkilatının bu tələbi övladını səhər evdən məktəbə yola salan və bir neçə saat sonra onun məktəb çantası və uşaq təbəssümü ilə evə qayıdacağını gözləyən hər bir ana və atanın haqlı tələblərinə əsaslanır.
Ola bilsin ki, ABŞ-ın Minab məktəbinə qarşı hərbi təcavüzündən 168 gün keçdiyini mediadan izləyənlər üçün bu sadəcə rəqəmdən ibarət olsun; lakin minablı bir ana üçün bu, övladını bir dəfə də olsun oyada bilmədiyi 168 səhər, bir müəllim üçün isə dağıntılar içindəki siniflərə və bir daha heç bir şagirdin əyləşməyəcəyi yanmış partalara baxaraq keçirdiyi 168 əzablı gündür.
Müharibənin başlanmasından artıq 168 gün ötür, lakin əsas sual cavabsız qalır: Dünya günahsız uşaqların qətliamına sadəcə başsağlığı və təəssüf ifadə etməkləmi göz yumacaq, yoxsa bu cür dəhşətlərin təkrarlanmaması üçün gerçək və işlək məsuliyyət mexanizmləri ortaya qoyacaq?

Yaxın Şərq illərdir ki, siyasətçilərin verdiyi qərarlarla başlanan, lakin bədəlini adi insanların həyatı ilə ödədiyi müharibələrin ağır yükünü çəkir. Məhz bu baxımdan, Minab faciəsi təkcə İranın deyil, bütün region üçün ciddi bir xəbərdarlıqdır. Buna görə də bu acı olayın region mediasında yenidən xatırladılmasını sadəcə siyasi bir jest kimi qələmə vermək yanıldıcı olar; əksinə, onu ali bir bəşəri prinsipinin simvolu kimi qiymətləndirmək lazımdır: məktəb məktəb olaraq qalmalıdır, xəstəxana xəstəxana olaraq qalmalıdır və şagird şagird olaraq qalmalıdır; heç bir mülki şəxs hərbi hədəfə çevrilməməlidir. Gəlin bəşəriyyətin gələcəyi naminə bu gündən etibarən 168 rəqəmini əsla unutmayaq.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:37