Səfir: Kaftan Mərakeş kimliyinin, sənətkarlığının və yaradıcılığının canlı təzahürü hesab olunur

Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi "Joussour des Arts et de la Créativité" Mərakeş Assosiasiyası tərəfdaşlığı ilə 10-14 sentyabr 2026-cı il tarixlərində Azərbaycanda Mərakeş İrsi Günlərinə ev sahibliyi edərək Mərakeşin rənglərini, səslərini, dadlarını və sənətkarlığını Bakının mərkəzinə gətirir.
Bununla bağlı ötən gün Bakıda Mərakeş İrsi Günlərinin möhtəşəm açılış mərasimi keçirilib.

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş
Mərakeş İrsi Günlərinin açılışını edib.
Səfir çıxışında deyib ki, bu axşam Mərakeş İrsi Günlərini qeyd etmək üçün sizi burada salamlamaqdan böyük məmnunluq duyuram. Bu gecə bizimlə olduğunuz üçün hamınıza, xüsusilə də sabah erkən uçuşu olanlara təşəkkür edirəm. Sizin burada olmağınız bizim üçün çox dəyərlidir. İlk növbədə, Mərakeşdəki “Joussour” İncəsənət və Yaradıcılıq Assosiasiyasına və xüsusilə onun prezidenti Şərifə Lalla Fatim Zohraya bu layihəni həyata keçirmək istiqamətində göstərdiyi həvəs, fədakarlıq və əzmkarlığa görə səmimi təşəkkürümü bildirmək istərdim. “Joussour” adı özlüyündə gözəl bir mesaj daşıyır. Bu söz ərəb dilində “körpülər” mənasını verir.

Bəs incəsənət və mədəniyyət vasitəsilə qurulan körpülərdən daha yaxşı hansı körpüləri yarada bilərik?

Coğrafi cəhətdən bir-birindən uzaq, lakin tarixlərinə, ənənələrinə, mədəni kimliklərinə və zəngin irslərinə olan dərin bağlılıqla birləşən iki ölkə — Mərakeş və Azərbaycan arasında körpülər. Xanımlar və cənablar, Mərakeş həmişə körpülər diyarı olmuşdur.

Ölkəmiz əsrlər boyu sivilizasiyaların, mədəniyyətlərin və ənənələrin qovuşduğu bir məkan olmuşdur. Bu misilsiz müxtəliflik, Mərakeş Konstitusiyasında da təsbit olunduğu kimi, Mərakeş kimliyinin əsas güc mənbələrindən birini təşkil edir. Əlahəzrət Kral VI Məhəmmədin uzaqgörən rəhbərliyi altında Mərakeş öz mədəni irsinin qorunmasına, təbliğinə və gələcək nəsillərə ötürülməsinə böyük önəm verir, eyni zamanda müasir bədii yaradıcılığı dəstəkləyir.

Mərakeş kaftanı bu yanaşmanın gözəl bir nümunəsidir. O, Mərakeş kimliyinin, sənətkarlığının və yaradıcılığının canlı təzahürü hesab olunur. Əsrlərlə ölçülən bir tarixə malik olan bu geyim, Fatim-Zəhra Filali İdrisi kimi müasir dizaynerlərin fəaliyyəti sayəsində daim təkamül edir.

Onun 2025-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi, bu irsin zənginliyinin və canlılığının mühüm bir etirafıdır.

Əziz dostlar, Bu axşam təşkilatçılar olduqca çətin bir vəzifə ilə üzləşiblər: cəmi iki saat ərzində Mərakeşin moda, musiqi, fotoqrafiya və qastronomiya sahəsindəki ən yaxşı nümunələrini bir araya gətirmək.

Əlbəttə ki, iki saatlıq vaxt bu axşam əsərləri ilə tanış olmaq şərəfinə nail olduğumuz dizaynerlərin, fotoqrafın və kulinariya ustalarının istedad və səviyyəsini tam əks etdirmək üçün kifayət etməz. Lakin bu gecə yalnız bir başlanğıcdır. Sabah (bu gün - red.) proqramımız saat 17:00-da İçərişəhərdə Mərakeşin əl işləri sərgisinin açılışı ilə davam edəcək. Sizi bizə qoşulmağa və Mərakeşin qeyri-adi bədii və sənətkarlıq irsinin daha bir tərəfini kəşf etməyə dəvət edirəm.
Moda, musiqi, fotoqrafiya, qastronomiya və əl işləri kimi müxtəlif ifadə vasitələri ilə sizə Mərakeş təcrübəsini təqdim etməyə ümid edirik; bu elə bir təcrübədir ki, o, həm yaradıcılığı və irsi, həm də hər şeydən əvvəl, xalqlarımız arasındakı dostluq və dialoqu tərənnüm edir. 
Bir daha "Joussour" İncəsənət və Yaradıcılıq Assosiasiyasına və onun prezidentinin simasında bütün üzvlərinə; səfirlikdəki möhtəşəm komandama göstərdikləri fədakarlığa görə; və bu gözəl təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə səmimi minnətdarlığımı bildirmək istəyirəm.
Həmçinin tərəfdaşlarımıza və bu gecənin təşkili üçün səhnə arxasında əmək sərf edən hər kəsə təşəkkürümü bildirirəm.
Daha sonra Krallığın mədəni irsinin ən rəmzi təcəssümlərindən biri olan bir-birindən gözəl Mərakeş kaftanlarının nümayişi olundu.

Tədbir zamanı qonaqlara Mərakeş milli yemək və şirniyyatlarının dadlı təamları təqdim edildi, Mərakeş musiqiçilərinin ifasında mahnılar səsləndirildi.


Fotoqraf Rustam Farman.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 11:35


























