Şərqi Zəngəzur və Qarabağın faunasına 200-ə yaxın quş, 70-dən çox məməli növü daxildir

Şərqi Zəngəzur və Qarabağ əsrarəngiz təbiəti, müxtəlif ekosistemləri və zəngin fauna müxtəlifliyi ilə seçilir. Bu ərazilərin onurğalılar faunasına 200-ə yaxın quş, 70-dən çox məməli, 38 sürünən, 5 suda-quruda yaşayan və 24 sümüklü balıq növü daxildir. Onların arasında 40-a yaxın nadir və nəsli kəsilmək təhlükəsi olan, 10-dan çox isə Qafqazın və ya Azərbaycanın endemik növü hesab olunur.
Bu barədə Canlı Sistemlərin Tədqiqi İnstitutunun Onurğalıların biomüxtəlifliyi və ekologiyası laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyib.
Alim bildirib ki, Şərqi Zəngəzur və Qarabağın 30 ilə yaxın müddətdə işğal altında qalması, yaşayış məntəqələrinin dağıdılması və insan fəaliyyətinin kəskin azalması ərazilərdə fauna növlərinin məskunlaşma xüsusiyyətlərinə təsir edib. İnsan təsirinin azalması nəticəsində bir sıra təbii landşaftlarda yabanı bitki örtüyünün inkişafı üçün şərait yaranıb və bu da xüsusilə yırtıcı məməlilər, gəmiricilər və sürünənlərin bəzi növlərinin yayılma areallarına təsir göstərib. Ərazidə insan faktorunun olmaması antropogen bitki farmasiyalarını sıradan çıxarıb, əvəzində təbii landşafta uyğun yabanı bitki örtüyü formalaşıb. Nəticədə ərazinin fauna, xüsusilə yırtıcı məməli və sürünən növləri geniş yayılıb. Faunanın sinantrop və ya sinantropluğa meyilli növləri isə xeyli azalıb. Məsələn, ərazidə mal-qara sürülərinin otarılmamasına görə quşlardan leşyeyən qartal saqqallı kərkəs, qara kərkəs və ağbaş kərkəs növləri sayca azalıb. Meşə ekosistemlərində hündür ağacların qırılması, kolluqların yandırılması quş növlərinin yuvalama, çoxalma, yemlənmə, gizlənməsi üçün vacib olan biotopları sıradan çıxarıb, populyasiyalar zəifləyib. Bu təsirlər nadir və nəslinin kəsilməsi təhlükəsi olan quş növlər üçün xüsusilə təhlükəlidir.
Onun sözlərinə görə, hazırda regionda təbii ekosistemlərin vəziyyətinin elmi əsaslarla öyrənilməsi, fauna növlərinin yayılma areallarında baş verən dəyişikliklərin monitorinqi və biomüxtəlifliyin qorunması mühüm əhəmiyyət daşıyır. (Azərtac)
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 17:52


























