mobil versiya

Pandemiyanın sonu görünür: Risk qrupuna daxil olan şəxslər ehtiyatlı olmalıdırlar



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, dünyada COVID-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub. Pandemiyanın başa çatması göz önündədir. ABŞ Prezidenti Co Bayden də CBS telekanalına müsahibəsində koronavirus pandemiyasının bitdiyini elan edib. Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda Azərbaycanın səhiyyə naziri Teymur Musayev də jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda koronavirusa yoluxma halları olsa da, ölüm halları minimal səviyyədədir. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi deyə bilərik.
Bəs, görəsən, bu açıqlamalardan sonra, həqiqətən, pandemiyanın bitməsi nəticəsinə gəlmək olar?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Elvin Hüseynov açıqlamasında bildirib ki, son vaxtlar ağır COVID xəstələrinə çox az rast gəlinir:
“Pandemiyanın bitməsi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Bəzi mütəxəssislər pandemiyanın, həqiqətən, sona çatdığını fikirləşirlər. Bəziləri isə mümkün variant kimi yeni dalğaların olmasını istisna etmirlər. Son həftələrdə ağır gedişli COVID xəstələrinə, demək olar ki, rast gəlməmişəm”.

Həkim qeyd edib ki, yoluxmaların azalmasının səbəbləri müxtəlifdir:
“Əsas səbəblərdən biri odur ki, omikron variantı hazırda yoluxmaların önəmli hissəsini təşkil edir. Bu variant əvvəlki variantlara nisbətən nadir hallar istisna olmaqla ağır gedişli ağciyər iltihabına səbəb olmur. İkinci əsas səbəb əhalinin əksər hissəsində istər peyvəndləmə, istərsə də xəstəliyə yoluxub sağalma nəticəsində immunitetin formalaşmasıdır. Üçüncü səbəb də müalicə üçün dərman preparatının mövcud olmasıdır. Risk qrupuna aid olan insanlarda yoluxmanın ilkin mərhələsində dərman vasitəsilə ağır gedişli xəstəliyin qarşısını almaq olur”.
E.Hüseynovun sözlərinə görə, bundan sonrakı dalğalarda itkilər daha az olacaq:
“Pandemiyanın bitib-bitmədiyini isə növbəti gedişatlar göstərəcək. Amma əminliklə deyə bilərəm ki, əvvəlki dalğalarla müqayisədə növbətilər çox yoluxmalara və insan ölümünə səbəb olmayacaq”.
İnfeksionist Mərdan Əliyev isə bildirib ki, dünyada kollektiv immunitet formalaşıb deyə, yoluxma da azalır:
“Pandemiyanın bitməsi barədə qəti söz demək hələ ki, tezdir. Amma belə demək olar ki, pandemiya artıq yumşalma istiqamətində gedir. Hələ də Rusiya, Tayvan, Yaponiyada günlük yoluxma sayı 40 mindir. Avropa ölkələrində yoluxma sayı 2-3 min civarındadır. Nəzərə alaq ki, əvvəllər ABŞ-da gündəlik yoluxma sayı 100 minin üzərində olurdu, amma indi xeyli dərəcədə azalma var. Çində də çox güclü karantin hesabına yoluxma sayında azalmaya nail olunub. Ümumi götürəndə son günlər dünya üzrə yoluxmada artma müşahidə edilmir. Daha çox azalmağa doğru istiqamətlənib. Bu da ona bağlıdır ki, bütün dünyada artıq kollektiv immunitet formalaşır”.
 
Həkim qeyd edib ki, karantin olmadan da təbii şəkildə yoluxmada azalma ola bilər:
“Ölkəmizdə də yayın sonlarından virusa yoluxmada azalma müşahidə edilməyə başladı. Hər gün 200-500 yoluxma müşahidə etdik. Yayın ortalarında yoluxma bir qədər artdı, indi isə yenidən azalma başlayıb. Bu da onu göstərir ki, karantin, məhdudiyyət olmadan da yoluxma sayında azalmanın olması təbii şəkildə baş verir. Bu da kollektiv immunitetin formalaşdığını göstərir. Yay aylarının sonlarındakı yoluxmalar kollektiv immuniteti bir qədər də gücləndirdi”.
M.Əliyevin fikrincə, buna baxmayaraq, risk qrupuna aid olan şəxslər arxayınlaşmamalıdırlar:
“Qarşıdan payız-qış mövsümü gəlir. Bu da koronavirusun yayılması üçün əlverişli zamandır. Yoluxma sayı artsa da, bunun çox ciddi rəqəmlərə gedib çıxacağını gözləmirik. Lakin yenə də risk qrupuna daxil olan şəxslər ehtiyatlı olmalıdırlar. Yaşlı şəxslər, onkoloji xəstələr, immun sistemini zəiflədən dərmanları qəbul edənlər, kimya terapiyası alanlar mütləq şəkildə özlərini qorumalıdırlar. Bu xəstəlik onlar üçün hələ də təhlükəli ola bilər”.
Həkimin sözlərinə görə, qorunmağın ən yaxşı yolu hələ də maskadır:
“Maska gərək hər kəsin üstündə olsun. Avtobusda, metrolarda pik saatlarda insanlar bir-birinə çox yaxın olur, orada yoluxma ehtimalı çoxdur. Yaxud da xəstəxanalarda yoluxma təhlükəsi var. Ona görə maskalardan istifadə etmək lazımdır. Maska bizi tək koronavirusdan yox, qrip və digər kəskin respirator virus infeksiyalarından, vərəmdən də qoruya bilər”.

MANŞET / GÜNDƏM / SOSİAL
Tarix: 3-10-2022, 15:43