Saakaşvili: “Çoxlu sayda rusun Gürcüstana gəlməsi kiçik ölkə üçün təhlükədir”
Gürcüstanın sabiq prezidenti və ölkənin ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının lideri, Tiflis məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilən Mixail Saakaşvili səfərbərlikdən qaçan rusların Gürcüstana köçməsi ilə bağlı Yuxarı Lars-Kazbegi sərhəd-keçid məntəqəsində baş verən son hadisələrlə əlaqədar bəyanat yayıb.
Musavat.com xəbər verir ki, bu barədə Azadlıq radiosunun rus bölməsində məlumat yayılıb.
Saakaşvilinin fikrincə, Rusiya çağırışçılarının kütləvi şəkildə Gürcüstana getməsi bu kiçik ölkə üçün böyük demoqrafik təhlükə yaradır. Digər tərəfdən, o, Gürcüstan hakimiyyətinin onları buraxmaq qərarını qınamağa hazır olmadığını bildirib. Saakaşvili bildirir ki, bu adamlar Gürcüstanda nə qədər çox olsa, bir o qədər az ukraynalı öləcək. Bu isə, eks-prezidentin fikrincə, Gürcüstan üçün çox vacibdir.
2004-2013-cü illərdə Gürcüstana rəhbərlik etmiş keçmiş dövlət başçısı vətəndaş cəmiyyətini “yeni gələnlərə həmişə işğalçı olduqlarını xatırlatmağa” və “onların Gürcüstan pasportlarını almamasına ciddi nəzarət etməyə” çağırıb. Mixail Saakaşvilinin sözlərinə görə, əks təqdirdə ruslar Gürcüstanın daxili siyasətinə qarışmaq imkanı qazana bilərlər.
Musavat.com
MANŞET / GÜNDƏM / SİYASƏT
Tarix: 3-10-2022, 19:04