Saakaşvili azərbaycanlılara çağırış etdi - təxribatlara uymayın
“Azərbaycan Respublikası Gürcüstan Respublikasının strateji tərəfdaşıdır. Bizim xalaqların dost, qardaş münasibətlərini heç bir təxribat poza bilməz”. Bu sözləri Musavat.com -a açıqlamasında Gürcüstanın eks-prezidenti Mixael Saakaşvili arcakh24.info saytının onun adından yaydığı xəbəri şərh edərkən bildirib.
Vahid Milli Hərəkat Partiyasından millət vəkili Azər Süleymanovun vasitəsilə fikirlərini Musavat.com-a çatdıran eks-prezident bildirib ki, baş verən təxribat xarici güclərin iki xalq arasında nifaq salması üçün mənasız cəhddir: “Ermənistan saytı iddia edir ki, mən sosial şəbəkələrdə Naxçıvan və Kür-Araz ovalığında qədər ərazilərin Ermənistana verilməsi ilə bağlı fikir paylaşmışam. Bu, açıq dezinformasiyadır. Həm prezidentliyim dönəmində, həm də ondan sonra Qafqazdakı regional konfliktlərlə bağlı bir mövqeyim olub – sərhədlərin dəyişdirilməsi yolverilməzdir. Bu gün də bu mövqeyimdə qalıram. Qafqazdakı və yaxın coğrafiyalardakı konfliktlər haqqında bütün çıxışlarımda dəfələrlə bildirmişəm ki, onların real və ədalətli həlli Osetiya və Abxaziyanın Gürcüstana, Qarabağın Azərbaycana, Krımın Ukraynaya qaytarılmasından keçir”.
Gürcülərin və azərbaycanlıların tarixi dostluğundan danışan Saakaşvili bildirib ki, “Gürcü Arzusu” iqtidarına qarşı kütləvi etirazlar genişlənən günlərdə iki xalq arasında etnik narazılıq yaratmaq uğursuz cəhdlərdir: “Bu informasiyalar Gürcüstan müxalifəti ilə Gürcüstanın türk əhalisi arasında etimadsızlıq mühiti yaradılmasına hesablanıb. Başqa heç bir səbəb tapmaq mümkün deyil. Ayrıca, Azərbaycan hakimiyyəti ilə bizim münasibətlərimizin sarsılmaz şəxsi dostluq səviyyəsində olduğunu hər kəs bilir. Prezident İlham Əliyev mənim qardaşımdır. Bir daha bəyan edirəm ki, gürcülər və azərbaycanlılar Qafqazda dostluğu tarix boyu sınanmış və hər dəfə də bu sınaqlardan mərdliklə çıxmış iki xalqdır. Gürcüstanda və Azərbaycan iqtidarda hansı qüvvənin təmsil olunmasından asılı olmayaraq hər iki dövlət müstəqilliyini bərpa edəndən sonra strateji müttəfiqlik kursunu qoruyub. Bu strategiyanın davam edəcəyinə heç kimin şübhəsi olmasın. Ona görə də azərbaycanlıları bu cür informasiya təxribatlarına uymamağa çağırıram”.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 18-11-2019, 00:25