mobil versiya

AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir” raketi ilə vurulub –"Caliber"



Araşdırmanın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-C” HHM tərəfindən hücuma məruz qalıb.

Bu barədə Caliber.az saytı etibarlı hökumət mənbələrindən əldə etdiyi məlumat əsasında xəbər yayıb.
Habelə, Rusiya tərəfinin elektron sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu vəziyyətə görə təyyarə Rusiya aviasiya məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa edilib.
Qeyd edək ki, Rusiya mənbələrinin məlumatına görə, təyyarə Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHMləri Ukrayna PUA-larını vurmağa cəhd ediblər. Belə ki, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-i səhər Qroznıda pilotsuz təyyarə hücumu faktını təsdiqləyərək, itki və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu, edilməyib.
Niyə Çeçenistan üzərində uçuş üçün qadağa zonası elan edilmədiyi böyük sualdır.
Məlum olduğu kimi Qroznı hava limanı təyyarənin enişinə icazə verməyib. Üstəlik, bizim idarə heyətinə də Mahaçqala və Mineralnıye Vodı hava limanlarına eniş icazəsi verilməyib. Hava hücumundan müdafiə atəşinə və elektron sistemlərinin təsirinə məruz qalan təyyarənin yönünü itirmiş ekipajı Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.
Rusiya mediasında yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyır və saxtadır. Təyyarənin içindən olan videogörüntülərdə iki sərnişinin qəlpələrdən yaralandığı görünür. Eşidilən partlayışlarla bağlı ifadələr də daxil olmaqla, bütün ifadələr hava hücumundan müdafiə sisteminin fəaliyyətinə işarə edir.
Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə göz qabağındadır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Bununla belə, Bakı müəyyən edilmiş faktları nəzərə alaraq, Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edəcəyini, Azərbaycan xalqından rəsmi üzr istəyəcəyini və hərtərəfli araşdırma aparacağını və bunun nəticəsində bütün məsuliyyət daşıyanların cəzalandırılacağını gözləyir.


MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: Dünən, 17:26