mobil versiya

Adsız barmaqları ilə hər kəsin marağına səbəb olan məktəbli FOTO


Dünyanın bir çox ölkəsində əllərində və ayaqlarında anadangəlmə 5 yox, 6 barmaqla doğulan uşaqlar olur. Onların çoxu sonradan artıq barmağı əməliyyat etdirir, bəziləri isə həyatlarına 6 barmaq ilə davam edir. Əbəs yerə bu mövzudan söhbət açmadıq. Yazımızın qəhrəmanı da 6 barmaqlıdır.
AZƏRTAC xəbər verir ki, Göyçay rayon İnçə kənd sakini, 8 yaşlı Abdul Xəlilovu hər kəsdən fərqləndirən onun barmaqlarının sayıdır. Abdulun əl və ayağında hamı kimi 20 yox, 24 barmağı var. Amma bu, azyaşlının hərəkətlərində ciddi çətinlik yaratmır: “Mənim barmaqlarımı sadəcə əlcək və ayaqqabı narahat edir. Buna baxmayaraq, dərslərimi yaza, idman edə, rahat gəzə bilirəm. Bir sözlə, barmaqlarım xoşuma gəlir, bu qədər barmaq heç kimdə yoxdur”.

Ailənin son beşiyi olan Abdul Xəlilovun nə bacısında, nə də ailəsinin digər üzvlərində belə hal yaşanmayıb. Nənəsi Gülcahan Xəlilova deyir ki, nəvəsinin 6 barmaqlı olmasından onun dünyaya gəlməsindən bir neçə gün sonra xəbər tutublar. “Evə gəldikdən sonra dedilər ki, uşağın 6 barmağı var. Hamımız şoka düşdük. Getdik və yoxladıq. Həqiqətən gördük ki, doğrudan da elədir. Sonra dedilər ki, uşağı aparıb yoxladın, bəlkə başqa artıq orqanları da var. 40 gündən sonra babası aparıb Bakı şəhərində yoxlatdırdı. Orada bildirdilər ki, hər şey qaydasındadır”, - deyə nənə bildirib.

Abdulun babası Məzahir Xəlilov nəvəsi böyüdükcə hərəkətlərində çətinlik yarada biləcəyindən ehtiyatlanaraq, onun barmaqlarını amputasiya etdirmək üçün həkimlə məsləhətləşib. Lakin cərrah bundan imtina edib. “Amputasiya etmək istədiyimizi dedim. Həkim razı olmadı. Dedi ki, “qolumu kəssələr də, bu işi görə bilmərəm, bu barmaqları kəsmək olmaz, ehtiyac yoxdur. Barmaqlar normaldır, işləyir”. Elə oldu qaldı. Düzü, mən özüm də barmaqları kəsdirməyə razı deyildim. Həkim problem olmadığını deyəndən sonra rahat oldum”, - Məzahir baba əlavə edib.

Əl və ayaqlarında olan əlavə barmaqlar Abdulu dərslərindən, idmanla məşğul olmağından, bir sözlə, öz yaşıdlarından heç də geridə qoymur. Digər barmaqlarla yanaşı, adsız barmaqlar da rahat şəkildə yumulub açılır, o birilərindən heç də fərqlənmir. Hazırda ikinci sinifdə oxuyan Abdul yaşına görə şən, hazırcavab olmaqla yanaşı, bacarığı ilə də qohumlarının, məktəb yoldaşlarının sevimlisinə çevrilib.

Tibbi statistikaya görə, hər 1000 yenidoğulanın birində əlavə barmaq ola bilər. Elmdə bu polidaktiliya adlanır və genetik sindiromdur. Yəni, qohum olmayan evlilikdən doğulan uşaqlarda da rast gəlinə bilər. Bu anomaliya ilə doğulan körpələr bəzən tez əməliyyat olunduğu üçün, onların sayı dünyada o qədər də çox deyil.


MARAQLI / KARUSEL
Tarix: 8-05-2023, 16:34