mobil versiya

Rumıniyalı musiqiçilər Kapellhausda konsert verib



Azərbaycan-Rumıniya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ilə bağlı rumıniyalı musiqiçilər Kapellhausda konsert proqramıyla çıxış edib.

Gitara, pan-fleyta və lira ifaçısı, eyni zamanda musiqi qrupunun solisti olan Florin-Radu Ştefan, zərb alətlərində Mihail Petrut və elektro-pianoda Petru Damşa konsertdə ifa edib.

Tədbiri açan Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare bu axşam tamaşaçılara sürpriz dolu möhtəşəm bir gecə yaşadacaqlarını deyib: "Bu axşam hər kəs özünü Rumıniyada hiss edəcək. Çünki Rumıniyadan bura gələn çox məşhur üçlüyün ifasını dinləyərək, şənlənəcəksiniz. Sonda sizi maraqlı bir sürpriz də gözləyir” deyən səfir daha sonra Rumıniya-Azərbaycan ikitərəfli əlaqələrindən söz açıb.

Rumıniyalı diplomat qeyd edib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunmaqdadır. “Geridə buraxdığımız bu 30 il ərzində Rumıniya ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə - siyasi, diplomatik, iqtisadi, enerji, nəqliyyat və bağlantı, mədəniyyət və təhsil sahələrində, eləcə də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib. Rumınlar və azərbaycanlılar arasında böyük layihələr həyata keçirilib: Buxarestdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün açılışı olub. SOCAR Rumıniyanın yanacaq bazarına daxil olaraq özünün ilk xarici nümayəndəliyini orada açıb. Bakıda isə rumıniyalı dahi bəstəkar George Eneskunun abidəsi ucaldılıb. Bakıda Xarici Dillər Universitetində Rumın Dili, Mədəniyyəti və Sivilizasiyası Mərkəzi fəaliyyət göstərməkdədir və bu yaxınlarda Yassi Universitetində Azərbaycan Multikulturalizmi Mərkəzi açılıb. Rumın və Azərbaycan ədəbiyyatı klassiklərinin şah əsərləri hər iki ölkədə tərcümə olunub, daimi olaraq müxtəlif mədəni mübadilələr aparılmaqdadır və sair. Bütün bunlar isə ölkələrimiz və xalqlarımız arasında əlaqələrin necə sıx və yüksək səviyyədə olduğunu göstərir”. 

Çıxışın sonunda səfir bir daha vurğulayıb ki, bu axşam insanları öz musiqiləri ilə valeh etməsi üçün Şimali Rumıniyanın Maramureş əyalətindən həqiqi bir virtuoz, instrumentalist solist Florin-Radu Ştefanı Bakıya dəvət olunub. O, iki tərəfdaş sənətçinin müşayiəti ilə qonaqları əfsanəvi qədim Rumıniya Transilvaniyasının əsl Rumıniya ruhu ilə tanış edəcək, həm qədim, həm də müasir rumın musiqisi ilə tamaşaçıları sehrləyəcəklər.

Daha sonra musiqi qrupu səhnədə yerini alıb və çoxsaylı tamaşaçı kütləsi qarşısında möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Konsert anşlaqla başa çatıb.


MƏDƏNİYYƏT
Tarix: 5-12-2022, 15:55