mobil versiya

Bu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq



Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub.

Reportyor.az xəbər verir ki, bu barədə "Trend"ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.
"Bununla bağlı, “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilin sonu təsdiq olunub. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunduğundan dərman təminatına bu ilin 2-ci yarısında başlanılması nəzərdə tutulub.
Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq. Dərmanların qiyməti 2 hissədən ibarət olacaq: Sığorta tərəfindən ödəniləcək məbləğ və vətəndaş tərəfindən ödəniləcək məbləğ", - deyə Agentlikdən bildirilib.
Vuğulanıb ki, dərmanların qiymətinə gəlincə, eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər.
"Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni məbləğ ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq, onun ödədiyi məbləği isə fərqli ola bilər.
İcbari tibbi sığorta hesabına dərman təminatı yalnız elektron reseptlər əsasında həyata keçiriləcək. Vətəndaş elektron resept ilə Agentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki dərmanların təsiredici maddəsi və dozalarına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tanıya və tapa bilsinlər",- deyə əlavə edilib.

SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 10:38