mobil versiya

İlham Əliyev Gürcüstanın Baş nazirinə məktub göndərib


Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə təbrik məktubu göndərib.
Musavat.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,
Bu il biz Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və dost Gürcüstan xalqına ən səmimi arzularımı yetirirəm.
Əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin son otuz ildə hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə çatması böyük məmnunluq doğurur.
Diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadiyyat, enerji, nəqliyyat-logistika, humanitar və digər sahələrdə əlaqələrimizin möhkəmlənməsi üçün mühüm zəmin olmuşdur. Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, reallaşmış birgə layihələr çoxşaxəli əməkdaşlığımızın genişlənməsində əhəmiyyətli rol oynamışdır. Etibarlı strateji tərəfdaş olan ölkələrimizin beynəlxalq strukturlar çərçivəsində də səmərəli əməkdaşlıq etmələrini yüksək qiymətləndirirəm.
Eyni zamanda, Avropa ilə Asiya arasında körpü rolunu oynayan regionumuzda rifaha, sabitliyə və təhlükəsizliyə töhfə verən irimiqyaslı nəqliyyat-kommunikasiya layihələrinin müvəffəqiyyətlə gerçəkləşdirilməsində sıx işbirliyimizi xüsusi qeyd etmək istərdim.
Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Hesab edirəm ki, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar vardır.
Əminəm ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin daim genişləndirilməsi, xalqlarımızın rifahı, ölkələrimizin və regionumuzun çiçəklənməsi naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim əmin-amanlıq, firavanlıq və rifah diləyirəm".

SİYASƏT
Tarix: 18-11-2022, 11:43