mobil versiya

Kəlbəcər balı Bakıda yarmarkada satışa çıxarılacaq: Qiyməti bəlli oldu




Bakıda keçirilən növbəti bal yarmarkasında Kəlbəcər balı da satışa çıxarılacaq.

REPORTYOR.AZ bildirir ki, bu barədə Trend-ə açıqlamasında arıçı-sahibkar Sabir Mustafayev deyib.

Sahibkar bildirib ki, Kəlbəcərdə saxladığı balın bir hissəsini satsa da, yarmarka üçün də saxlayıb: "Bu dəfə Bakıda keçiriləcək bal yarmarkasına Kəlbəcər balı da çıxaracağam. Kəlbəcərdə arılardan aldığımız bal digər rayonlarda alınan baldan iki dəfə artıq oldu. Kəlbəcər arıçılığın inkişafı üçün çox əlverişlidir. Keyfiyyət baxımından da Kəlbəcər balının keyfiyyəti yüksəkdir".

S.Mustafayev bildirib ki, ötən il arıçılıq üçün məhsuldar olmayıb: "Ötən il dağlıq ərazilərdə məhsuldarlıq aşağı oldu. Hər arı yeşiyindən 19 kilo bal götürüldü. Amma bu il bu göstərici 25-30 kiloqram oldu. Müəyyən sayda arı ailəsini Daşkəsənə, bir qismini isə Kəlbəcərə apardıq. Daşkəsəndə bir arı ailəsindən 28 kiloqram, Kəlbəcərdə isə 53 kiloqram bal götürdük. Çünki Kəlbəcərdə iki dəfə süzmə elədik".

Sahibkar bildirib ki, hazırda başqa ərazilərin balının 1 kiloqramı 20-25 manat, Daşkəsən balının bir kiloqramı 30-35 manat, Kəlbəcər balının bir kiloqramı isə 40-45 manatdır: "Biz həmçinin hər il əldə etdiyimiz məhsulun 20 faizini şəhid ailələrinə pay veririk. Hər il bal mövsümündə şəhid ailələrinə baş çəkirik və onlara müəyyən qədər bal veririk. Bu il də əldə etdiyimiz balın bir hissəsini şəhid ailələrinə vermişik".
SON XƏBƏR / KARUSEL
Tarix: 29-09-2021, 10:16