Arvadını öldürən sabiq polis əməkdaşı: "Şöbədə mənə "şərəfsiz" deməsi çox pis təsir etdi"
Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İ.Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Daha sonra o ifadə verib. İ.Məmmədov dindirilən zaman deyib ki, qətlə yetirdiyi həyat yoldaşı ilə 2012-ci ildə tanış olub: "Xanım Məmmədovanı universitetdən evə, evdən də universitetə aparmışam. Onunla 2014-cu ildə ailə qurmuşuq. Övladım Vaqif dünyaya gələnə qədər aramızda heç bir problem olmayıb. Xanımla şərt kəsmişdik ki, universiteti oxuyub bitirəndən sonra işləməyəcək. Evdə hər söz-söhbət olanda anasıgilə gedirdi. Ötən il sentyabrın 29-da geyim məsələsinə görə aramızda telefon danışığı oldu, mübahisə etdik. Yenə də çıxıb anasıgilə getdi. Xəbər tutdum ki, məndən polisə şikayət edib.
Sonra bizim şöbədən tədqiqatçı Füzuli müəllim mənə zəng edib iradlarını bildirdi. Ora getdim. Şöbədə olanda onlar mənə nalayiq ifadələr işlətdilər. Uşaqlarımın yanında xidməti silahımla Xanımı güləllədim. Ümumiyyətlə onu silahla vurmaq fikrim yox idi. Məqsədim uşaqlarla sağollaşıb, halallaşıb özümü öldürmək idi. Şöbədə onun mənə kollektivin içərisində "şərəfsiz" deməsi çox pis təsir etdi. Bu kəlmə də onu vurmağıma səbəb oldu".
Məhkəmənin növbəti iclası fevralın 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirib.
İstintaqla müəyyən edilib ki, İ.Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İstintaq dövründə İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 8-02-2022, 18:30