mobil versiya

Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanılıb - Əmisi danışdı



Tovuz rayonunun Dondar Quşçu kəndində xüsusi amansızlıqla qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi Lətif Quliyev azyaşlının qətli ilə bağlı saxlanıldığı deyilən İlkin adlı şəxs barədə Trend-ə açıqlama verib.

L.Quliyev bildirib ki, hadisə ilə bağlı saxlanıldığı deyilən İlkin Süleymanov həmin kənddə yaşayır:

“İlkin bizim evdən 500-600 metr aralıda yaşayır. Kənddə tanıdığımız adamdır. Qohumluq əlaqəmiz yoxdur, amma İlkin Nərminin atası Şərifin sinif yoldaşıdır. Hüquq-mühafizə orqanları onu izahat almaq adı ilə aparıblar. Amma qətlin kimin tərəfindən törədilməsi barədə bizə heç nə deməyiblər.
Biz də eşitmişik ki, İlkini polisə çağırıblar. Amma nə vaxt çağırıblar, niyə çağırıblar xəbərimiz yoxdur. Bu dəqiqə başımız qarışıqdır, onu araşdırmaq halında deyilik”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 10-01-2020, 15:02