190 manat birdəfəlik ödənişi kimlər aldı? - Nazir açıqladı
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar 190 manat birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır.
REPORTYOR.AZ Trend-ə istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
S.Babayev bildirib ki, birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir.
Nazirin sözlərinə görə, həmçinin onlardan 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30 yaş arası, 25 faizi 30-40 yaş arası, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır.
Nazir qeyd edib ki, digər sosial müdafiə və aktiv məşğulluq tədbirlərində olduğu kimi, birdəfəlik ödəmə proqramının icrası ilə bağlı da Nazirlik ictimai açıqlığa və ictimai nəzarətə xüsusi önəm verir:
“Bu məqsədlə birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısı da Nazirliyin saytında yerləşdirilib”.
S.Babayev həmçinin birdəfəlik ödəmə ilə bağlı edilən güzəştlər haqqında danışıb:
“Portala edilən müraciətlərin emalı zamanı bir çox vətəndaşların sənədləri ilə bağlı ortaya müəyyən problemlər çıxsa da, bu sahədə də vətəndaşlara dəstək göstərildi. Şəxsiyyət vəsiqələrinin müddəti bitsə də dəyişməyənlər vardı, lakin bu sahədə güzəşt tətbiq edildi, şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün xüsusi karantin rejimi dövründə müraciət imkanı yaradıldı, onların şəxsiyyət vəsiqəsinin qüvvədə olma müddəti xüsusi karantin rejiminin sonunadək uzadıldı.
Habelə bir sıra şəxslərin nigah münasibətlərində, ailə vəziyyətində dəyişiklik olsa da, bununla bağlı şəxsiyyət vəsiqələrini yeniləmədikləri məlum oldu. Onlara da güzəştlər edildi ki, müraciət edərək, müvafiq meyarlara uyğun olduqları halda bu proqramdan yararlana bilsinlər.
Telefon nömrələri öz adlarına olmayanlara da güzəşt edildi. Müraciət edərkən öz adlarına olmayan, istənilən telefon nömrəsini qeyd etməkdə sərbəstlik verildi”.
SON XƏBƏR / KARUSEL / SOSİAL
Tarix: 6-05-2020, 11:00