Yoluxma sayı artır: Vəziyyət nəzarətdən çıxır? - AÇIQLAMA
"Koronavirus elə bir xəstəlikdir ki, bir neçə günün içində yoluxma sayı azala və ya çoxala bilər".
Bu sözləri Redaktor.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev son günlər koronavirusa yoluxma sayında olan artımla bağlı danışarkən deyib. O, hazırda vəziyyətin nəzarətdə olduğunu bildirib:
“Son bir neçə gün ərzində yoluxma sayında kiçik də olsa artım müşahidə olunur. Lakin bu, o qədər də qorxulu deyil. Əlbəttə ki, vəziyyət dəyişə və yoluxma sayı yenidən yüksələ bilər. Amma hazırki göstəricilərə uyğun danışsaq, vəziyyət qənaət bəxşdir. Belə ki, əvvəlki günlərə nisbətən ağır xəstələrin sayı xeyli azalıb, ölüm hallarının qarşısı da alınıb. Əslində bütün bunlar onu göstərir ki, artıq virus idarə oluna biləcək dövrə qədəm qoyub. Bu çox yaxşı bir haldır. Əgər virusa qarşı həmrəylik göstərə bilsək, bu mübarizədə çox yaxşı nəticələr əldə edə bilərik”.
C. İsayev açıq havada xidmət göstərən restoranların açılmasınına da münasibət bildirib:
“Açıq havada fəaliyyət göstərən restoranların açılmasında heç bir problem yoxdur, əksinə, bu, doğru qərar oldu. Hesab edirəm ki, müəyyən sayda insanların bir araya gəlməsi, açıq havada istirahət etməsi indiki vəziyyətə uyğundur. Amma mütləq şəkildə Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl olunmalıdır”.
SON XƏBƏR / ÖLKƏ
Tarix: 18-08-2020, 12:55