mobil versiya

Bacı qatilinin şok ifadələri: “Yolboyu xəstə oğlundan danışdıq...”



Bakıda bacısını öldürməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Sahib Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REPORTYOR.AZ teleqraf.com-a istinadən bildirir ki, Sahib Cəfərov 2020-ci ilin yanvar ayının ortalarından 1967-ci il təvəllüdlü bacısı Tovus Cəfərovanın əxlaqsız həyat tərzi keçirməsindən şübhələnib. O, ailə şərəfinə və namusuna xələl gətirən hərəkətlərə yol verdiyini düşünərək qisas məqsədilə bacısını öldürmək qərarına gəlib.

Bu məqsədlə bıçaq götürərək Tovus Cəfərovanın yaşadığı ünvana gəlmək və niyyətini həyata keçirməyi qətiləşdirilib. Fevralın 6-da o, bacısı ilə telefonla əlaqə saxlayıb və onlara gəlmək istədiyini deyib.

Sahib Cəfərov həmin gün saat 21 radələrində Tovus Cəfərova ilə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində görüşüb və birlikdə bacısının həmin küçədə kirayədə yaşadığı binanın qarşısına gəlib. Tovus Cəfərovanı söhbət etmək adı ilə binanın həyətində yerləşən söhbətgaha aparıb. Orada bacısının boğazını kəsərək, öldürüb.

"Buna münasibətim normal olmuşdu"

İstintaq orqanı tərəfindən Sahib Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib Cəfərov özünü qismən təqsirli bilib. O, qeyd edib ki, müharibə veteranıdır, ailəsi yoxdur, tək yaşayır.

Sahib Cəfərovun sözlərinə görə, mərhum Tovus Cəfərova onun doğma bacısıdır: "Tovus 1989-cu ildə ailə qursa da, ərindən ayrılıb, uşaqları ilə birlikdə tək yaşayıb. Sonra Ələkbər adlı şəxslə dini kəbin kəsdirdi, ər-arvad kimi yaşamağa başladı. Buna mən də razılıq vermişdim.

Tovusun əvvəlki ərindən Məftun adlı oğlu və Nuranə adlı qızı var, uşaqları ilə birlikdə "Memar Əcəmi" metrostansiyası yaxınlığında qalırdılar. Tovusun oğlu Məftun xəstədir, əlildir, heç bir yerdə işləmir".

"Bacımın əxlaqsızlıqla məşğul olması barədə səs-soraq gəldi"

Təqsirləndirilən şəxs qeyd edib ki, Tovus ona çörək sexində işlədiyini deyib: "Hadisədən bir neçə müddət əvvəl ətrafdan qulağıma Tovusun əxlaqsızlıqla məşğul olması barədə səs-soraq gəldi. Bunu dəqiqləşdirib, Tovusun əxlaqsızlıqla məşğul olduğuna əmin oldum. Onun pozğun həyat tərzi keçirdiyini tanımadığım şəxslər vasitəsilə dəqiqləşdirdim".

Sahib Cəfərov ifadəsində göstərib ki, təxminən 2020-ci ilin yanvar ayının ortalarından Tovusu öldürmək qərarına gəlib: "Onun yaşadığı yeri müəyyənləşdirdim. Tovusun qızı Nuranəni işdən çıxanda bir-iki dəfə ondan xəbərsiz izlədim, onların "Memar Əcəmi" metrostansiyası tərəfdə yaşadıqlarını müəyyən etdim".

"Uşaqların yanında öldürə bilməyəcəyimi düşündüm"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Tovusun boğazını kəsib, onu öldürmək üçün məqam axtarıb: "Əvvəl onu evdə öldürmək barədə fikirləşdim. Lakin evdə uşaqların yanında öldürə bilməyəcəyimi düşündüm. Tovusu gecə öldürməyə qərara gəldim ki, müdaxilə edən olmasın. Bundan sonra usta olduğum üçün təmirdə istifadə etdiyim uzunluğu təxminən 7-8 sm olan "rezak"ı cibimdə gəzdirməyə başladım".

Sahib Cəfərov qeyd edib ki, fevralın 6-da qətl qərarını qətiləşdirib: "Həmin gün saat 8 radələrində "Memar Əcəmi" metrostansiyasına, oradan 3-cü mikrorayon dairəsinə gəldim. Təxminən saat 12 radələrinə kimi həmin ərazilərdə gəzişərək vaxt keçirdim. Sonra adlarını demək istəmədiyim dostlarla görüşdüm, söhbət etdim. Həmin dostlarımın bacımı öldürmək niyyətimdən məlumatları olmayıb".

"Bacım ilə yolboyu xəstə olan oğlundan danışdıq"

Sahib Cəfərov bildirib ki, təxminən saat 17 radələrində bacısı Tovusun istifadəsində olan telefona zəng edib: "Ona "Əcəmi"də olduğumu, evin yerini bilmədiyimi və onlara gəlmək istədiyimi dedim. Tovus bir azdan işdən çıxacağını bildirdi. "Econom" marketin qarşısında görüşməyi razılaşdıq. Təxminən saat 21-22 radələrində həmin mağazanın qarşısında görüşdük.

Bacım mənə qızının dolma bişirdiyini və onunla evə getməyimi təklif etdi. Bacımla evə kimi təxminən 100 metr piyada gəldik. Yolboyu onu xəstə oğlu Məftundan danışaraq ümumi söhbət etdik. Binanın qarşısına gəldikdə bacım evə qalxmağı təklif etdi. Mən bir az həyətdə oturub, söhbət edəndən sonra evə qalxmağımızı bildirdim. Bacım razılaşdı və həyətdə oturub söhbət etməyə başladıq".

"Bacıma onun axırının çatdığını dedim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, üzərində olan gödəkcənin cibindən "rezak"ı çıxarıb və yanına qoyanda bacısı görməyib: "Rezak"ın iti hissəsini təxminən 2-3 santımetr irəli verdim, onu kənarında olan məftillə bərkitdim. Tovus mənim sol tərəfimdə oturmuşdu. Qəsdən bacımın sol tərəfində otuzdurdum ki, sağ əlim ilə "rezak"la rahat şəkildə onun boğazını kəsim.

Söhbətin ortasında "rezak"ı sağ əlimə aldım və oturduğumuz yerdə bacımın boğaz nahiyəsinin sol tərəfinə zərbə vuraraq kəsdim. Bacıma onun axırının çatdığını dedim. Kəsən kimi bacım sağ qolumdan yapışdı, qışqırmağa başladı. İkinci dəfə yenə də bacımın boğaz nahiyəsini kəsəndə "rezak" sındı. "Rezak"ın qalan hissəsini qabağa çəkdim və növbəti dəfə onun boğaz nahiyəsini kəsdim. Bacım əlindən qaçıb çıxmağa imkan tapmayaraq qışqırmağa başladı. Hərəkətimi təkrarladım. Yıxılandan sonra səsi kəsildi".

"Xəyanət edənin axırının belə olduğunu dedim"

Sahib Cəfərov qeyd edib ki, həmin vaxt ətrafda adını bilmədiyi bir-iki nəfər ona yaxınlaşıb və nə etdiyini soruşub: "Onlara xəyanət edənin axırının belə olduğunu dedim. Təxminən 10 saniyə Tovusun başı üstündə gözlədim, öldüyünə əmin olduqdan sonra təslim olmaq üçün ən yaxına - "Qızıltac" şadlıq sarayının yanında olan polis bölməsinə getdim. Yolda qardaşım Zahidə zəng etdim, Tovusun xəyanət ediyi üçün boğazını kəsdiyimi bildirdim. Buna görə qardaşım mənə irad tutdu.

Polisə gedən yolda ayaqyolu tapdım, əlimi və "rezak"ı yudum. Polis bölməsində bacım Tovusun boğazını kəsərək öldürdüyümü bildirdim, "rezak"ı təqdim etdim".

"Peşman deyiləm"

Təqsirləndirilən şəxs deyib ki, bacısının əxlaqsızlıq etdiyini görməyib: "Lakin bu barədə ordan-burdan eşitmişəm. Bacımın əxlaqsızlıqla məşğul olduğunu söyləyən şəxslərin adlarını demirəm. Bacımın hərəkətləri barədə qohumlarımın məlumatlarının olub-olmamasını bilmirəm.

Qohumlarımdan heç kim mənə bacımın əxlaqsızlıqla məşğul olmasını deməyib. Hərəkətimdən peşman deyiləm. Bacım əxlaqsızlıq etdiyi üçün onu öldürmüşəm".

"Dayımla 15-16 il əvvəl görüşmüşəm"

Cinayət işi üzrə zərərçəkmiş Tovus Cəfərovanın hüquqi varisi qismində onun qızı Nuranə ifadə verib.

Nuranənin sözlərinə görə, anası və qardaşı ilə kirayədə yaşayıblar: "Anam 17 ildir atamdan rəsmi qaydada boşanıb. Təxminən 15 il əvvəl Ələkbər Əbilov adlı şəxslə dini kəbin kəsdirərək yaşamışdı.

Təqsirləndirilən şəxs dayımdır. Dayım anamın Ələkbər Əbilovla yaşamağından xəbəri olub. Qardaşım 2015-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra onda əsəb pozğunluğu yarandı və ona "şizofreniya paranoid" diaqnozu qoyuldu. Heç yerdə işləmir. Dayımla 15-16 il əvvəl görüşmüşəm. Həmin vaxtdan sonra dayımın nə bizimlə, nə də digər bacı-qardaşları ilə əlaqə saxlayıb. Onun nə işlə məşğul olması, harada yaşaması barədə məlumatlarımız olmayıb.

Son bir-iki ay ərzində anam mənə dayım Sahibin evimizin yanında gəzdiyini, bir neçə dəfə dayımı evə çağırsa da, gəlmədiyini dedi. Anamın dayımın ondan telefon nömrəsi aldığını da demişdi. Anam dayım Sahibi evin ətrafında görərkən onun orada kimisə gözlədiyini deyib".

"Dayım anamı səbəbsiz yerə öldürüb"

Hüquqi varis qeyd edib ki, fevralın 6-da, saat 21 radələrində anası ona "Whatsapp" vasitəsilə zəng edib, dayısı Sahibin evin yolunu tanımadığını, birlikdə evə gələcəklərini bildirib: "Hətta anam dayım Sahib üçün süfrə hazırlamağımı da tapşırdı. Süfrəni hazırlayıb, anamgili gözləsəm də, gəlmədiklərini gördüm. Anama zəng etdim. "Econom" marketin yanında dayımla görüşdüyünü və birlikdə gəzərək evə gəldiklərini bildirdi.

Bir müddət də gözlədikdən sonra anamın istifadəsində olan mobil nömrəyə zəng etdim. Tanımadığım bir şəxs telefonu götürərək polis olduğunu bildirdi. Kim olduğumu öyrəndikdən sonra aşağı düşməyimi dedi. Tez yaşadığımız binadan çölə çıxdıqda dayım Sahibin anamın başını kəsib və sonra qaçdığını dedilər.

Özümü itirdim. Bir müddət sonra özümə gəldikdə anamın artıq öldüyünü bildirdilər. Dayım Sahib anamı səbəbsiz yerə öldürüb, anam heç vaxt əxlaqsızlıqla məşğul olmayıb. Halal zəhməti ilə məni və xəstə qardaşımı böyüdüb, boya-başa çatdırıb. Hadisənin şahidi olmamışam. Hazırda qardaşım ilə xalamın evində qalırıq".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Cəfərov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 8-09-2020, 12:47