Deputat 55 milyon manatı nə edib? - ƏTRAFLI
Mərcburi Köçkünlərin Sosial İnkişaf Fondu ümumi dəyəri 55 milyon 431 min 379 manat həcmində müəyyənləşən 18 açıq tenderinə yekun vurub. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində binaların tikintisi və müvafiq infrastrukturun təmin edilməsi üzrə 11 şirkətlə əməkdaşlıq ediləcək.
BAXAR.AZ xəbər verir ki, 4 nömrəli yaşayış binasının tikintisi "Konsept Holding” MMC tərəfindən 3 milyon 277,7 min manata həyata keçiriləcək. "Konsept Holding" MMC 4 aprel 2000-ci il tarixində 2000.00 AZN nizamnamə kapitalı ilə yaradılıb. Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov , ev 29, m. 150 A ünvanı şirkətin hüquqi ünvanıdır. Şirkətin qanuni təmsilçisi isə Hüseynov Tahir Rasim oğludur. Araşdırmalar zamanı məlum oldu ki, şirkətin 3893.97 AZN vergi borcu var.
Eyni zamanda, nizamnamə kapitalı 20 AZN olan "Progress” Sənaye-İstehsalat şirkətinə 8 nömrəli yaşayış binasının tikintisi həvalə olunub. Bu binanın tikintisinə 3 milyon 277,6 min manat ayrılacaq. Şirkətin 88895.55 AZN vergi borcu var. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli, ev 20, m. 5B, qanuni təmsilçisi Atakişiyev Azər Mətləb oğludur. Qeyd olunan ünvanda 20-ə yaxın törəmə şirkət qeydiyyatdadır. Şirkət 26 dekabr 1994-cü ildə yaradılıb.
Həmin yaşayış məhəlləsində 624 şagird-yerlik məktəbin istilik məntəqəsi tikintisi "Minera” MMC tərəfindən inşa ediləcək və bunun üçün 3 milyon 900,1 manat sərf olunacaq. Şirkət barədə vergi məlumatları yoxdur.
Eləcə də, 6 və 7 nömrəli binalar "GM Construction” MMC tərəfindən inşa ediləcək və ayrı-ayrılıqda 3 milyon 270,2 min manat olmaqla, ümumilikdə, iki binanın tikintisi 6 milyon 540,4 min manata başa gələcək. Şirkət barədə vergi məlumatları yoxdur.
5 nömrəli binanın tikintisi "Tunel-Metro İnşaat” MMC tərəfindən 3 milyon 278,6 min manata həyata keçiriləcək. Şirkətin nizamnamə kapitalı 10 manat olan şirkət 05.02.1997 tarixində yaradılıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tiflis PR, ev 3166-cı məhəllədə yerləşən 4-cü blok 1-ci mərtəbə, m. 113 olan şirkətin hüquqi təmsilçisi Seyfullayev Şövqi Xalid oğludur.
Məhəllədə 140 yerlik uşaq bağçasının istilik məntəqəsi ilə tikintisinə 1 milyon 925,9 manat sərf olunacaq. Tikinti "Turan.İ.O” MMC-yə həvalə olunub. Şirkət barədə heç bir vergi məlumatı yoxdur.
Qeyd edək ki, Mərcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 121 saylı Laçın seçki dairəsindən beşinci və altıncı çağırış üzrə Milli Məclisin deputatı seçilib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 22-11-2020, 18:18