Ali Baş Komandan: "Düşmən bilirdi Şuşa azad edilməmiş müharibə dayana bilməz"
"Qubadlını azad etmək üçün, ilk növbədə, biz bu yüksəklikləri götürməli idik. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Eyni zamanda, Ermənistan ərazisindən bizə atəş açılırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o istiqamətdən 5 kilometr məsafədir. Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tutmuşlar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən deyib.
Dövlət başçısı bildirib: "Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Hər gün döyüş əməliyyatı planları mənim tərəfimdən təsdiq edilirdi və hər gün görülmüş işlərə yekun vurularaq məsələ təhlil edilirdi - gün ərzində görülmüş işlər bizim planlarımıza hansı dərəcədə uyğundur və biz hansı nailiyyətlərə çata bilmişik. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan kəndi, Türklər kəndi azad edilib və eyni zamanda, strateji yüksəkliklər ələ keçiriləndən sonra bu, bizə imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün.
Düşmən bizi bu tərəfdən gözləyirdi. Çünki təbii ki, düşmən bilirdi Şuşa azad edilməmiş müharibə dayana bilməz. Düşmən hesab edirdi ki, biz Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyik. Biz də bilirdik ki, düşmən bizi orada gözləyir. Biz Şuşaya başqa yolla getdik, onların gözləmədiyi yoldan keçdik. Bu günə qədər də onlar inana bilmirlər ki, bizim qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər. Onlar bizi buradan gözləyirdilər, eyni zamanda, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində gözləyirdilər. Biz isə Şuşaya başqa yolla getdik. Şuşaya yaxınlaşaraq bir neçə kəndi azad etdik, o cümlədən Sığnaq, Çanaxçı və Daşaltı kəndini azad etdik. Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 24-12-2020, 16:25