mobil versiya

Leysanlar zamanı tunel və keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulması təklif olunub




Sözügedən leysan barədə əvvəlcədən xəbərdarlıq almışdıq. Lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Nasos stansiyaları həddindən artıq yüklənmiş, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirmişdir. Bu isə onu göstərir ki, şəhər infrastrukturu – ilk növbədə kanalizasiya sistemi – yeni yanaşmaları zəruri edir.

Reportyor.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə jurnalistlərə açıqlamasında deyib.

Eldar Əzizov bildirib ki, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib:
“Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək. Bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur. Lakin bizim vəziyyətimizdə obyektiv amil də buna əlavə olunur: mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırkı infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıq”.

"Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edirəm. Bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər".

“Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq”, - deyə icra başçısı vurğulayıb.


MANŞET / KARUSEL / CƏMİYYƏT
Tarix: 21-04-2025, 10:44