mobil versiya

Yaşıl çayla qarşılıqlı təsir göstərə bilən 7 dərman vasitəsi






Yaşıl çay sağlamlığa faydaları ilə tanınır və bir çox insan onu gündəlik olaraq içki və ya əlavə qida şəklində qəbul etməyə üstünlük verir. Lakin bəziləri onun tərkibindəki maddələrin müəyyən dərmanların təsirinə mane ola biləcəyini – ya onların effektivliyini azalda, ya da orqanizmdəki konsentrasiyasını artıra biləcəyini – bilməyə bilər; bu isə bəzi hallarda ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Tədqiqatlar göstərir ki, müntəzəm yaşıl çay istehlakı ölüm riskinin azalması ilə əlaqəlidir.
Elmi mövzulara yönəlmiş "Verywell Health" saytına əsasən, aşağıda yaşıl çay istehlakından təsirlənə bilən ən əhəmiyyətli dərman vasitələri qeyd olunub:

Varfarin
Varfarin qanın laxtalanmasının qarşısını almaq üçün istifadə olunur.
Yaşıl çay K vitamini ilə zəngindir; bu vitamin dərmanın təsir mexanizminə təsir göstərə bilər: ya onun effektivliyini azaldaraq laxta yaranması riskini artıra, ya da təsirini gücləndirərək qanaxma riskini yüksəldə bilər.

Nadolol
Nadolol yüksək qan təzyiqinin müalicəsində və döş qəfəsində ağrıların qarşısının alınmasında istifadə olunan dərmandır. Bəzi tədqiqatlar göstərir ki, külli miqdarda yaşıl çay istehlakı qana keçən dərman miqdarını azalda bilər.

Bir tədqiqatda iki həftə ərzində gündə təxminən 700 ml yaşıl çay içilməsi qandakı nadolol miqdarının təxminən 85% azalmasına səbəb olmuşdur; bu isə dərmanın qan təzyiqini və ya döş qəfəsindəki ağrıları nəzarətdə saxlamaqdakı effektivliyini azalda bilər.

Xolesterolu aşağı salan dərmanlar
Yaşıl çay həmçinin "statinlər" kimi tanınan və xolesterolu aşağı salan müəyyən dərmanlarla da qarşılıqlı təsir göstərə bilər.

Araşdırmalar göstərir ki, yaşıl çay bu dərmanların sorulmasını təxminən 25% azalda bilər ki, bu da onların effektivliyinə təsir göstərə bilər.
Bu səbəbdən, həmin dərmanları qəbul edərkən istehlak ediləcək yaşıl çayın təhlükəsiz miqdarı barədə həkimlə məsləhətləşmək tövsiyə olunur.

Raloksifen
Raloksifen osteoporozun qarşısının alınması və müalicəsində, həmçinin süd vəzi xərçənginin müəyyən növlərinin riskini azaltmaq üçün istifadə olunur.

Araşdırmalar göstərib ki, raloksifenlə birlikdə yaşıl çay istehlakı dərmanın sorulmasını azalda bilər və bu da onun effektivliyinə təsir göstərə bilər.

Bortezomib

Bortezomib çoxsaylı mieloma və limfoma daxil olmaqla, xərçəngin müəyyən növlərinin müalicəsində istifadə olunur.

Araşdırmalar göstərir ki, yaşıl çay bu dərmanın effektivliyini azalda bilər, çünki o, dərmanın xərçəng hüceyrələrini məhv etmək qabiliyyətinə mane ola bilər. Bu səbəbdən, həmin dərmanla müalicə zamanı yaşıl çay istehlak etməkdən çəkinmək və fərdi vəziyyətə uyğun tövsiyələr almaq üçün müalicə həkimi ilə məsləhətləşmək tövsiyə olunur.

Takrolimus
Takrolimus, orqan transplantasiyası zamanı orqanların rədd edilməsinin qarşısını almaq üçün geniş istifadə olunan immunosupressiv (immun sistemini zəiflədən) dərmandır. Bu dərmanın dozası dəqiq tənzimlənməlidir, çünki orqanizmdə səviyyəsinin yüksəlməsi ciddi əlavə təsirlərə səbəb ola bilər.

Müşahidələr yaşıl çay ilə takrolimus arasında mümkün qarşılıqlı təsirin olduğunu göstərir; bu təsir dərmanın orqanizmdəki səviyyəsini artıra və immun sisteminin zəifləməsi dərəcəsini gücləndirə bilər.

Sildenafil
Sildenafil erektil disfunksiyanın, həmçinin ağciyər arterial hipertenziyasının müalicəsində istifadə olunur.

Bəzi tədqiqatlar göstərir ki, yaşıl çay sildenafilin orqanizmdəki səviyyəsini artıra bilər; bu isə başgicəllənmə, baş ağrısı və üzdə qızartı kimi müəyyən əlavə təsirlərin yaranma ehtimalını artıra bilər.

Bu səbəbdən, yaşıl çayı sildenafil ilə birlikdə qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Reportyor.az 





SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 13:11