ABŞ məhkəməsi Əfqanıstan vətəndaşını 20 il müddətinə azadlıqdan məhrum edib

Kabil hava limanının girişində 2021-ci ildə törədilən partlayışla əlaqədar həbs edilən Əfqanıstan vətəndaşı Məhəmməd Şərifullah ABŞ məhkəməsi tərəfindən 20 il müddətinə həbs cəzasına məhkum edilib.
ABŞ Ədliyyə Departamenti bildirir ki, Şərifullah İŞİD-X (ISIS-K) qruplaşmasına kəşfiyyat dəstəyi göstərmək, mesajlar ötürmək və silah daşımaqda ittiham olunaraq təqsirli bilinib.
ABŞ Ədliyyə Departamentinin bəyanatında deyilir: "İŞİD-X rəhbərliyi Şərifullaha Həmid Kərzai adına Beynəlxalq Hava Limanına aparan yolda "Taliban"ın nəzarət-buraxılış məntəqələrinin olub-olmadığını yoxlamaq tapşırığı vermişdi. Günorta saat 2 radələrində Şərifullah ona tapşırılan marşrut üzrə hərəkət edərək İŞİD-X rəhbərliyinə yolun təmiz (təhlükəsiz) olduğu barədə məlumat vermişdi".
Məlumatlara görə, prokurorlar 2025-ci ildə Pakistanda həbs edilərək ABŞ-a təhvil verilən Şərifullahı Kabil hava limanındakı hücumla əlaqələndirməyə çalışıblar. Lakin münsiflər heyəti onun partlayışdakı birbaşa rolunun miqyası ilə bağlı yekdil qərara gələ bilməyib.
Nəticədə, o, İŞİD-X-ə maddi və kəşfiyyat dəstəyi göstərməkdə təqsirli bilinib.
Siyasi şərhçi Əziz Maaric Əfqanıstan mediasına deyib: "Birincisi, partlayışın əslində niyə baş verdiyi müəyyən edilməyib. Daha çox ehtimal olunur ki, ABŞ izdihamı dağıtmaq və təxliyə əməliyyatını təmin etmək üçün partlayışı özü təşkil etmiş ola bilər. Daha sonra Pakistan Şərif adlı bir şəxsi həbs etdi. Hadisəyə görə məsuliyyət daşıyanlardan danışmazdan əvvəl, ilk növbədə, hadisənin özü araşdırılmalıdır".
2021-ci il avqustun 26-da Kabil Beynəlxalq Hava Limanında İŞİD tərəfindən törədilən hücum nəticəsində 13 ABŞ hərbçisi və təxminən 160 əfqan mülki şəxs həlak olmuşdu.
Hücum keçmiş respublikanın süqutu fonunda qoşunların və mülki şəxslərin Əfqanıstandan təxliyəsi zamanı baş vermişdi.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 13:32


























