mobil versiya

ABŞ-ın taleyində Ukrayna amili: Donald Tramp-Co Bayden-Nikolay Zloçevski üçbucağı



Hazırda siyasi analitiklərin diqqəti daha çox Donald Tramp-Co Bayden-“Burisma” üçbucağı arasında yaşanan qovğaya köklənib. Ukrayna şirkəti olan “Burisma” oliqarx, prezident Viktor Yanukoviçin dönəmində ekologiya naziri işləmiş Nikolay Zloçevskiyə məxsusdur.

O, 2014-cü ildə ABŞ-ın o vaxt kı vitse-prezidenti Co Baydenin oğlu Hanteri öz şirkətinə işə götürüb. Hanter Bayden “Burisma” holdinqin idarə heyətinin üzvü elan edilib. Nikolay Zloçevski 2014-cü ildə kütləvi etirazlar nəticəsində hakimiyyətdən qovulmuş Rusiya tərəfdarı prezident Viktor Yanukoviçin müttəfiqi olub. Belə bir dayağı itirən şirkət sahibi biznes maraqlarını qorumaq üçün yeni müdafiə sistemi qurub. Şirkətə simvolik fiqurlar lazım idi.

Bu məqsədlə də o, 1995-2005-ci illərdə Polşa prezidenti olmuş Aleksandr Kvasnevski və Co Baydenin oğlu ilə anlaşdı. Hanter Baydenin rəsmi aylıq maaşı bu şirkətdə 50 min dollar olub. Nyu-Yorkda vəkillik edən birisi üçün bu, az pul deyildi. Oğul Bayden bu ilin avqustun 25-nə kimi “Burisma” şirkətinin rəhbəri qismində çalışıb. Atası Co Bayden prezidentliyə namizədliyini irəli sürdükdən sonra isə o, Ukrayna şirkətini tərk edib.

Dünya çapında bu kimi hallar çox olub. Məsələn, Almaniyanın keçmiş kansleri Herxard Şröder Vladimir Putinlə “Şimal axını-1”-in tikintisi haqqında müqaviləni 2005-ci ildə Angela Merkelə seçkilərdə məğlub olduqdan dərhal sonra imzalamışdı. Bundan əlavə, cənab Şröder özünün Almaniya kansleri postundakı son həftəsində Putinlə “Qazprom” konsernində vəzifə alması barəsində danışıqlar aparıb və seçkidən dərhal sonra “Qazprom”da fəaliyyətə başlayıb.

Başqa bir misal. Böyük Britaniyanın sabiq baş nazıri Toni Bleyr (1997-2007) Azərbaycan qazının (Şah Dəniz 2 yatağı) Avropaya daşınması üçün Qərbdə lobbi fəaliyyəti ilə məşğul olub. “The Financial Times” bu barədə dəfələrlə yazıb.

Ümumi qənaət belədir ki, vurğuladığımız üçbucaq daxilində gedən savaş 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsinə həlledici təsir göstərə bilər. Almaniyanın “Handelsblatt” qəzeti də bu yanaşmanı bölüşür.

Bu skandalın əsası əslində xeyli əvvəl qoyulub. ABŞ-ın keçmiş prezident Obama zamanında Ağ Ev Hanter Baydenin özəl şəxs olduğunu bəyan etdi və bildirdi ki, Baydenlər tərəfindən Ukraynada hər hansı bir səhvə yol verilməyib.

Lakin prezident Donald Tramp sentyabrın 25-də Ukrayna prezidenti Vladimir Zelenskini oğul Baydenlə əlaqədar korrupsiyadan dolayı araşdırmağa kömək etməyə səsləməsindən sonra bu məsələ yeni çalarlar almağa başladı. Bu məsələ ilə bağlı lentə alınmış səs yazısının yayılması zəlzələ effekti doğurdu. Demokratlar prezidentə qarşı hücuma keçdi. Daha öncə isə Trampın şəxsi vəkili, Nyu-York keçmiş meri Rudi Culiani də Ukrayna rəsmilərini Baydenlərlə bağlı təhqiqat aparmağa çağırmışdı.

Alman nəşri yazır ki, “Burisma” şirkəti Amerikada yaşanmış ən böyük skandallardan birində əsas tərəf kimi çıxış edir. Bu şirkətin fəaliyyəti sirlə doludur. Oliqarx Nikolay Zloçevski Donald Trampın impiçmenti ilə nəticələnə biləcək siyasi prosesdə açar fiqura çevrilib. O, həm də Ço Baydenə də ciddi problemlər yaşatmaq iqtidarındadır.

Ukraynada “Burisma” şirkətinə qarşı başlamış irimiqyaslı istintaq 2016-cı ildə qəflətən dayandırıldı. Az sonra həmin istintaqa görə məsul olan Baş Prokuror işdən çıxarıldı.

Alman nəşri sual edir ki, məhz ata Bayden 2016-cı ilin mart ayında “Burisma” şirkətinin sahibi ilə bağlı təhqiqat aparan prokuror Viktor Şokinin vəzifədən çıxarılması üçün Ukrayna hökumətinə təzyiq göstərməyib ki?

“Handelsblatt” yazır: “Əgər Donald Trampın bu kimi suallara tutarlı və müsbət cavabı olsaydı o, gələcək prezident seçkisində üzləşəcəyi ciddi rəqiblə bəribaşdan vidalaşa bilərdi. Ancaq belə bir cavab tapmaq üçün ifrata varan Donald Tramp gözlənilmədən özünə qarşı çevrilən bir prosesə start verdi. İndi prezidenti ittiham edirlər ki, o, rəqibi Ço Baydeni gözdən salmaq üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərib ki, sonuncu Ukraynada oğul Baydenlə bağlı istintaqın yenidən başlamasını təmin etsin”.

“Oliqarx Nikolay Zloçevski siyasəti öz şəxsi maraqları ilə uzlaşdıran birisidir. 2003-2004-cü illərdə o, prezident Viktor Yanukoviçin (baş nazirliyi dönəmində) komandasında Təbii Ehtiyatlar komitəsinə rəhbərlik edib. 2012-2014-cü illərdə isə o, ekologiya və təbii ehtiyatlar naziri olub. Oliqarx Ukrayna hakimiyyətində olduğu müddətdə öz şirkəti üçün xeyli üstünlüklər əldə edə bilmişdi. Neft və qazla bağlı şirkətin gördüyü işlər sürətlə genişlənirdi”.

Oliqarx Zloçevski 2017-ci ildən üzü bəri iddia edir ki, onun şirkətinə qarşı aparılan istintaq əməliyyatları durdurulub. Ancaq Ukrayna Milli Antikorrupsiya bürosu isə bəyan edir ki, keçmiş nazirin şirkəti ilə əlaqəli istintaq əməliyyatları davam etdirilir.

Alman nəşri bildirir ki, “Burisma” şirkəti Ukraynanın qaza olan tələbatının 30 faizini təmin edir. Bu şirkət son bir neçə ildə dövlətə 185 milyon dollar vergi ödəyib və 2017-ci ildə Ukraynada keçirilən müsabiqədə “Ölkənin ən böyük Xeyriyyə Müəssisəsi” adını qazanıb.
Cənab Zloçevskinin ətrafında baş verən səs-küy elə bu yaxınlarda səngimişdi. Ancaq Donald Trampın naşıcasına bu işə müdaxiləsi Ukraynalı iş adamını yenidən dünyanın gündəminə gətirdi. Ancaq oliqarx buna görə özündə hər hansı bir günah görmür.

Hələ orası da var ki, oliqarx Nikolay Zloçevski Rusiyaya bağlıdır. Onun şirkəti Rusiya işğalı altında olan Krımda qaz hasil edir. Bu isə o deməkdir ki, Rusiya onun üzərindən ABŞ-da keçiriləcək növbəti prezident seçkisinə təsir göstərmək gücündədir. Vəziyyət elədir ki, Ukrayna amili Amerikada seçici rəyinin bu və ya digər istiqamətdə yönəlməsinə gətirib çıxara bilər. Tarixin belə dönəmləri də olur...//musavat.com

KARUSEL / SİYASƏT / DÜNYA
Tarix: 6-10-2019, 13:29