“Paşinyanın Rusiyanı tənqid etməsi qəbuledilməzdir” - Zaxarova
"Rusiya sülhməramlı kontingentinin tənqidi qəbuledilməzdir, Moskva vəziyyəti yaxşılaşdırmağa çalışır".
“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən bildirib.
“Rusiyanın, eləcə də sülhməramlı kontingentin tənqid olunmasına gəlincə, hesab edirəm ki, indiki vəziyyətdə bu, yolverilməzdir. Biz dəfələrlə demişik ki, Rusiya sülhməramlıları vəziyyətin yerində nizamlanması üçün əlindən gələni edir. Heç bir ictimai hücum işin həllinə kömək etmir”, - o söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bəyan etmişdi ki, Rusiya Qarabağda sabitliyi və təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə BMT Təhlükəsizlik Şurasının mandatının verilməsi məsələsinin müzakirəsinə və ya oraya əlavə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsinə təşəbbüs göstərməlidir.
KİV-in xahişi ilə bu bəyanatı şərh edən M.Zaxarova deyib: “Sülhməramlı kontingent olmasa, kimsə məsuliyyətlə deyə bilərmi ki, nə yaxşı olardı? Məncə, cavab göz qabağındadır. Ona görə də istənilən qədər effektivliyin artırılması zərurəti və başqa şeylər haqqında danışmaq olar. Bir daha təkrar edirəm ki, hamı bu vəziyyətin həlli üzərində işləyir. Amma belə məsələləri demək və bəyan etmək, mənə elə gəlir, sadəcə olaraq, mövcud reallıqları başa düşməməkdir”.
KARUSEL / DÜNYA
Tarix: 29-12-2022, 15:10