mobil versiya

Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi başa çatıb



Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru, Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu.
Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulmuşdu. Eyni zamanda cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azər Paşa Nemətovun həyat və yaradıcılığı barədə geniş məlumat verib.
Çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan teatrı yaşadıqca mərhum sənətkarın da yaşayacağını qeyd edib. Xalq artisti Hacı İsmayılov Azərpaşa Nemətovun Azərbaycan teatrının inkişafı naminə gördüyü işlərdən bəhs edib.
Çıxışlar bitdikdən sonra mərhum sənətkarın cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri xiyabana aparılıb.
Azər Paşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən yaradıcılıq istiqamətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb. 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib. 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi. 1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.
 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-04-2023, 15:59