mobil versiya

"İsrail şirkətləri Azərbaycanda müxtəlif sahələrdə tərəfdaşlığa maraq göstərir" - Eli Kohen


İsrail şirkətləri Azərbaycanda müxtəlif sahələrdə tərəfdaşlığa maraq göstərir.
Bu barədə İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Bakıda keçirilən görüşdə deyib.
E. Kohen ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
M. Cabbarov Azərbaycanla İsrail arasında yüksək səviyyəli əlaqələri vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizin İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir.
“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. Ölkələrimiz iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işləri davam etdirir. İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İsraillə qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Ötən il işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam edir. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır”, - M. Cabbarov bildirib.
İqtisadiyyat naziri Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verib.
Görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Mikayıl Cabbarov və Eli Kohen Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləridir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-04-2023, 19:19