mobil versiya

Meksikalı deputat ölkəsinə geri qayıdıb



24-28 may tarixlərində meksikalı deputat Elvia Vixil Azərbaycanda səfərdə olub. 
Meksikanın Azərbaycandakı səfirliyindən "Reportyor.az" saytına verilən məlumata görə, səfər çərçivəsində deputat Vixil “Minalara qarşı hərəkət: Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolu” adlı 2-ci Beynəlxalq Konfransda (24-26 may 2023) iştirak edib. Konfransda çıxış edən ekspertlər, Azərbaycan da daxil olmaqla, minalardan əziyyət çəkən 60 ölkənin inkişafına minaların yatardığı problemlərdən bəhs edib.
Həmçinin, deputat Vixil Ağdam şəhərinə səfər edərək, oradakı dağıntıların miqyası və minaların əhaliyə və onların zərərsizləşdirilməsi ilə məşğul olan ekspertlərə yetirdiyi ziyan ilə tanış olub. Eyni zamanda, bu problemdən əziyyət çəkən regionları inkişaf planlarına daxil etməsi və insanların öz doğma torpaqlarına ən yaxşı şəraitdə qayıtmasına dair Azərbaycan Hökümətinin səylərini tanıyıb.
Konfrans başa çatandan sonra, deputat Vixil bir sıra ikitərəfli görüşlər keçirib. Xəzər Universitetinin rektoru İradə Xəlilova ilə görüşdə Matamoros Texniki Universitet ilə əməkdaşlıq layihəsi haqqında ilkin müzakirələr aparılıb. Qeyd olunub ki, əməkdaşlıq hər iki ölkənin Səfirliklərinin iştirakı ilə video-formatda görüşlərin keçirilməsi və təhsil müəssisələri tərəfindən əməkdaşlıq sahələrinin müəyyən edilməsi ilə davam edəcək.
Eyni zamanda, meksikalı deputat Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla işçi naharda iştirak edib. Söhbət əsnasında may ayının əvvəlində nazir müavini  Məmmədovun Meksikaya səfəri çərçivəsində siyası məsləhətləşmələr mexanizminin üçüncü raundunun keçirilməsi və parlament üzvləri ilə keçirdiyi görüşlər də daxil olmaqla ikitərəfli gündəliyin bir sıra mövzularına toxunulub.


Deputat Vixil, həmçinin, Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Jalə Əliyeva ilə görüş keçirib. Görüşdə müxtəlif mövzular və Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunda qeyd olunan irəliləyişlərə, xüsusi ilə də dialoq səviyyəsinin qorunmasına dair öhdəlik və qrup üzvlərinin fəal iştirakına ümumi baxış keçirildi. Fürsətdən istifadə edərək, azərbaycanlı parlamentarilərinin Meksikaya mümkün səfəri haqqında müzakirələr aparılıb.
Bundan əlavə, deputat Vixil 29 may-4 iyun tarixlərində Bakıda keçiriləcək Taekvando üzrə Dünya Çempionatı 2023-də iştirak edəcək meksikalı idmançıları salamlamaq imkanında olub.


KARUSEL / SİYASƏT
Tarix: 31-05-2023, 09:51