Türkiyə komando taborunun Kosovoya göndərilməsi prosesi başa çatıb
Türkiyə NATO-nun xahişi ilə xüsusi təyinatlı qüvvələr taborunun Kosovoya göndərilməsi prosesini başa çatdırıb.
TRT telekanalı xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri 65-ci piyada briqadasının Kosovoda xidmət edəcək komando taborunun təyinat nöqtəsinə çatdırılması üzrə uçuşlarını uğurla həyata keçirib. Bununla da, türkiyəli hərbçilərin Kosovoya göndərilməsi prosesi başa çatıb”, - deyə məlumatda bildirilir.
Mayın 26-da Kosovonun Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok və Leposaviç şəhərlərində keçirilən seçkilərdən sonra regionda vəziyyət gərginləşib. Kosovo polisi seçkilərdə qalib gələn alban bələdiyyə sədrlərinin fəaliyyətini təmin etməyə çalışıb. Mayın 29-da regiondakı administrativ binaları mühafizə altına alan NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) serblərin müqaviməti ilə üzləşib. İğtişaşlar nəticəsində 50-dən çox etirazçı və beynəlxalq qüvvələrdə xidmət edən təxminən 40 italiyalı və macarıstanlı hərbçi xəsarət alıb.
Serbiya Prezidenti Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Belqrada bağlı ordu birləşmələri Kosovo ilə sərhəd boyu yerləşdirilib. Kosovonun Baş naziri Albin Kurti iğtişaşların təşkilində Belqradı günahlandırıb.
KARUSEL / DÜNYA
Tarix: 7-06-2023, 15:24