Karateçimiz “Krakov-2023”də özü üçün ən azı bürünc medalı təmin edib
Azərbaycan karateçisi Tural Ağalarzadə III Avropa Oyunlarının yarımfinal mərhələsinə yüksəlib.
Turnirdə 67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz qrup mərhələsində macarıstanlı İv Tadiss, Toni Pissino (İsveçrə) və yunanıstanlı Dionisios Xenosa qalib gəlib.
Üç qələbə ilə mərhələ adlayan T.Ağalarzadə özü üçün ən azı bürünc medalı təmin edib.
Digər karateçimiz Əminağa Quliyev (60 kq) mübarizəni dayandırıb.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan "Krakov-2023"də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında "Bakı-2015"də 2-ci, "Minsk-2019"da 10-cu yeri tutub.
KARUSEL / İDMAN
Tarix: 22-06-2023, 16:51