mobil versiya

Fransada 17 yaşlı gəncin ölümünə etiraz olaraq iğtişaşlar pik həddə çatıb



Fransanın Nanter şəhərində Əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq iğtişaşlar davam edir. Aksiyalar paytaxt Parisi və ölkənin bir sıra şəhərlərini də əhatə edir.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron və digər aidiyyəti qurumlar hadisəni pisləsələr də, etirazlar səngimək bilmir.
Müsəlmanların daha çox yaşadıqları rayonlarda etirazlar pik həddə çatıb. Gecə ərzində bir neçə avtomobil və polis bölmələrinin binaları yandırılıb. Polisin qəddarlığı o dərəcədə hiddət doğurub ki, etirazçılar yandırdıqları avtomobillərin söndürülməsinə də mane olmağa çalışırlar. Buna görə də yanğınsöndürmə briqadalarını müşayiət etmək üçün əlavə polis qüvvələri cəlb olunub.

Real Televiziyasının hadisə yerində olan çəkiliş qrupunun məlumatına görə, polis etirazçıları uzaqlaşdırmaqla yanaşı, hadisələri işıqlandıran mətbuat nümayəndələrinə də mane olmaq üçün zorakılıqlara əl atır, hətta gözyaşardıcı qazdan istifadə edir. Vətəndaşlar eyvanlara çıxaraq hökumətin zorakılıqlarına etiraz əlaməti olaraq şüarlar səsləndirirlər. Şüarlarda müsəlmanlara qarşı təzyiqlərə son qoyulması, Emmanuel Makronun istefası və digər tələblər səsləndirilir.
Polisin məlumatına görə, indiyədək iğtişaşlarda polis və digər təhlükəsizlik qurumlarının əməkdaşlarından 300-dək şəxs xəsarət alıb. Bundan başqa, eyni sayda etirazçının da saxlanıldığı bildirilir.
Yaranmış gərgin vəziyyət hadisələri işıqlandıran media nümayəndələrinin də işini çətinləşdirir. AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
Dünya mətbuatı da bu hadisələri yaxından izləyir. Aparıcı media qurumlarının reportajlarında etirazların Fransa hakimiyyətinin ölkəni idarə edə bilməməsinin nəticəsi olduğu bildirilir. Xəbərlərdə yaranmış vəziyyət xalqın Prezident Makrona və onun administrasiyasına etimadının itməsinin göstəricisi kimi dəyərləndirilir.
Aksiya iştirakçılarının Emmanuel Makronun hakimiyyətdən getməsi ilə bağlı qəti tələbi və sərt etirazlar vəziyyətin tezliklə nizamlanacağını da sual altında qoyur.

KARUSEL / SİYASƏT
Tarix: 29-06-2023, 18:14