Xoşbəxt Yusifzadə vəfat edib
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib.
Bu barədə SOCAR-dan bildirilib.
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.
1947-ci ildə orta məktəbi bitirib və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub. İnstitutu 1952-ci ildə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib.
1970–1992-ci illərdə “Xəzərdənizneft” Birliyinin, “Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq “Xəzərdənizneftqazsənaye” Birliyinin, “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini — baş geoloq vəzifələrində işləyib.
1992–1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994–2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışıb. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti idi.
KARUSEL / HADİSƏ
Tarix: 3-10-2023, 23:12