Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərir
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası göndərir.
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının birinci hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınır.
Qeyd edək ki, Azərbaycandan Ukraynaya bir neçə dəfə humanitar yardım yola salınıb. Sonuncu dəfə humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarət olub. Eyni zamanda Ukraynaya xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulmuş 20 ton yanacaq da göndərilib.
Ukraynadan daxil olmuş müraciətlər əsasında təşkil olunan, ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissələrinin yaxın müddətdə yola salınması planlaşdırılır.
Ukraynaya bundan əvvəl də ölkəmiz elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib. Yaranmış böhranla əlaqədar Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur.
Həyata keçirilən humanitar yardım fəaliyyətləri çərçivəsində müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 30-10-2023, 11:43