AYNA aldanmamağı tövsiyyə edir
Son zamanlar sosial şəbəkələrdə müəyyən ödəniş müqabilində təlimlərdə iştirak etmədən taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə şəhadətnamələrin verilməsi ilə bağlı məlumatlar yayılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirilib ki, bu məlumatlar tam əsassızdır. Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir.
“Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır. Belə olan halda sənədin saxta olub-olmaması müəyyən edilə bilər. Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq. Rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır. AYNA taksi sürücülərinə yalan vədlərə aldanmamağı tövsiyə edir. Vətəndaşlara təlimlərdə iştirak etmək üçün AYNA-nın Təlim-Tədris Mərkəzinə (ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərinə müraciət etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, bu günədək 11 min 691 nəfər təlimlərdə iştirak etmək üçün müraciət edib. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla keçirilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-11-2023, 17:45