Bakıda yeni İtaliya Viza Mərkəzinin açılışı olub
İtaliyanın ölkəmizdəki Səfirliyi Bakıda yeni Viza Mərkəzinin açılışını edib.
Reportyor.az xəbər verir ki, açılış mərasimində çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri deyib ki, yeni viza mərkəzin açılışı ilə bağlı işə o, Azərbaycana gələndən başlayıb, proses iki il davam edib.
Diplomat deyib ki, artıq səfirliyin heyəti genişlənib, onlar il ərzində 10 000-dən çox müraciət alır: "Avropa, eləcə də İtaliya azərbaycanlıların səyahət etdiyi, getdiyi əsas regiondur. Biz azərbaycanlılara daha yaxşı xidmət göstərəcəyik. Artıq bu Mərkəzdə Maltaya da viza veriləcək”.
Klaudio Taffuri səfirlik nəzdində hərbi attaşelik ofisinin açıldığını vurğulayıb: "Bizim hərbi sahədə də əməkdaşlığımız var və bu, vacibdir. Müdafiə sənayesi, müdafiə və dövlətlərarası münasibətlərlə bağlı digər məsələlərdə biz şəxsi heyətin sayını iki dəfə artırırıq".
Diplomat ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib: "Biz Azərbaycanın əsas neft-qaz alıcılarındanıq. Bu ölkənin ixracının 50%-dən çoxu bizim payımıza düşür. Müxtəlif sahələrdə əməkdaşlığımız var. Biz bu ölkəni sevirik".
Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko da çıxışında mərkəzin açılmasının vacibliyini vurğulayıb: "Çox şadam ki burdayam, bu, vacib andır. İndi viza üçün müraciət edənlər üçün daha rahat olacaq. Bu iş adamlarına, tələbələrə, turistlərə rahat viza almaq imkanı verəcək. Çünki bizim xalqlarımız bir-birini tanımaq istəyir".
KARUSEL / CƏMİYYƏT
Tarix: 16-11-2023, 15:36