Azərbaycan XİN və Müdafiə Nazirliyi diplomatlar üçün brifinq keçirib

Mətbuat brifinqində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus, hərbi attaşelər, habelə yerli və beynəlxalq media nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı, həm Ermənistanın ərazilərimizi işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində, həm də post-münaqişə dövründə beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycan ərazilərində sülh və təhlükəsizliyə hədə törədən Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, həmçinin mina təhdidinə cəlb edildiyi xatırlanıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən bölgədə aparılan işlər nəticəsində ərazilərimizdə 10000-dən çox piyada əleyhinə mina, 3000-dən çox tank əleyhinə və 12000-dək partlamamış döyüş sursatının aşkarlandığı və neytrallaşdırıldığı bildirilib.

Azərbaycan ərazilərində eyni zamanda, silah-sursatın yenidən modifikasiyası və xarici ölkələrə ötürülməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirildiyi diqqətə çatdırılıb. Ermənistanın post-münaqişə dövründə də Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinə qədər silah və texnikanı, yeni istehsal olunmuş minaları ərazilərimizə ötürməkdə davam etdiyi qeyd olunub. Bununla bölgədəki mülki obyektlərə, hətta təyyarələrin təhlükəsizliyinə, habelə aparılan genişmiqyaslı yenidənqurma fəaliyyətinə hədə törədildiyi vurğulanıb.

Brifinq zamanı, həmçinin bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu anti-terror tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib.
Brifinqə qatılan şəxslər anti-terror tədbirlərindən sonra ərazidən müsadirə edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan sursatlar və minaların nümunələri ilə tanış olublar.
KARUSEL / SİYASƏT
Tarix: 20-11-2023, 20:16