mobil versiya

Latviya Seyminin sədri: Azərbaycanla iqtisadi-ticari əlaqələrin genişləndirilməsində maraqlıyıq



Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Latviya Seyminin yeni seçilmiş sədri Daiqa Mierina ilə görüş keçirib.
Səfirlikdən bildirilib ki, görüşdə Elnur Sultanov 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya səfəri zamanı Azərbaycanla bu ölkə arasında Strateji Tərəfdaşlığın yaradılması barədə Birgə Bəyannamənin imzalandığını qeyd edərək parlamentlərarası əlaqələrin əməkdaşlığımızın dərinləşməsində əhəmiyyətli rolunu diqqətə çatdırıb.
Səfir iki ölkə arasında cari ildə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini və müxtəlif sahələrdə gələcək əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.

Daiqa Mierina ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və Azərbaycanla tərəfdaşlığın Latviya üçün əhəmiyyət daşıdığını bildirib. O, iki ölkə parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin və dostluq qruplarının fəaliyyətinin vacibliyini diqqətə çatdırıb. Parlament sədri ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edərək, Azərbaycanla iqtisadi-ticari və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib.
Daha sonra tərəflər arasında son regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(azərtac)

KARUSEL / SİYASƏT
Tarix: 22-11-2023, 14:09