mobil versiya

Çinin öz “Vagner”i olacaq - Çin özəl mühafizə şirkətlərini yaratmaq istəyir



Çinin öz “Vagner”i olacaq.
ABŞ Qırmızı dənizdəki ticarət gəmilərini qorumaq məqsədilə formalaşdırdığı ittifaqa daha çox dövləti cəlb etməyə çalışır. ABŞ bu ittifaqda hətta münasibətləri soyuq olan ölkələri də görmək istəyir. Çünki söhbət bir çox dövlətə aid ticarət gəmilərin təhlükəsizliyindən gedir.
Çin də Qırmızı dəniz üzərindən idxal-ixrac əməliyyatları həyata keçirir. Buna baxmayaraq, Pekin ABŞ-ın Qırmızı dənizdə formalaşdırdığı ittifaqa qoşulmayıb. Çinin hərbi gəmiləri Qrımızı dənizdə patrul xidməti göstərmirlər. Çinin Baş Qərargah rəisi Lyu Çjenli əksinə ABŞ administrasiyasına məsləhət görüb ki, Çinlə bağlı açıqlamalarında diqqətli olsunlar. Çinli general amerikalı rəsmilərin Tayvan və Çinin artan hərbi gücü barədə açıqlamalarından narazı qalıb.   
Buna baxmayaraq, Pekinin Vaşinqtondan xahişi də olub. Pekin Çinin Arktikada qazın nəqli ilə məşğul olan iki şirkətinin sanksiya siyahısından çıxarılmasını xahiş edib. Həmin iki şirkət ABŞ layihələrində də iştirak edirdilər. 
Bu arada, “South China Morning” dərgisində yayımlanan məqalədə Çinin özəl mühafizə şirkətlərin yaratmaq istəyi göstərilib. Çin bu şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrindəki yatırım qoyduğu müəssisələrini qorumaq istəyir. Söhbət Çinin Afrika və Latın Amerikası ölkələrindəki yatırımlarından gedir. Pekini bu qərara gəlməyə məcbur edən səbəblər arasında Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik göstərilib. Çinin mühafizə şirkətləri xarici ölkələrdə çalışan çinliləri, həm də avadanlıqları qorumalıdır. 
Dünyanın müxtəlif ölkələrində Çin kaptialına bağlı 47 min şirkət fəaliyyət göstərir. Bu şirkətlər əsasən enerji, infrastruktur tikintisi, istehsal və faydalı qazıntılar sahələrində ixtisaslaşıblar. Gərginliklər Mərkəzi Asiyadakı birgə müəssisələrdə də tez-tez qeydə alınır. Bəzu hallarda yerli işçilərlə gəlmə çinlilər arasında toqquşmalar baş verir. Ancaq Mərkəzi Asiya ölkələrinin öz ərazilərində Çinin mühafizə şirkətlərinə fəaliyyət göstərmələrinə icazə verməsi çətindir. Çünki yerli işçilər Çinin mühafizə şirkətlərinin əməkdaşları ilə də toqquşa bilər. Bu isə daha böyük gərginlik yaradacaq. Latın Amerikası ilə Afrika ölkələrinin də Çinin mühafizə şirkətlərinə yaşıl işıq yandıracaqları sual doğurur.

“Atlas” Araşdırmalar Mərkəzi

KARUSEL / DÜNYA
Tarix: 12-01-2024, 11:32