Azərbaycanla Sinqapur arasında isti münasibətlər mövcuddur - Sinqapur Prezidenti
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri Prezident İlham Əliyevin salamlarını Sinqapurun dövlət başçısına çatdırıb.
Sinqapur Prezidenti minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan Prezident Tarman Şanmuqaratnam Azərbaycanla Sinqapur arasında isti münasibətlərin mövcud olduğunu söyləyib. Prezident bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib. Əldə olunan müsbət nəticələrin əlaqələri daha da inkişaf etdirmək üçün səyləri birləşdirməyə stimul verdiyini bildirib.
Görüşdə siyasi təmasların, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafında müstəsna əhəmiyyət kəsb etdiyi qeyd edilib. Həmçinin iqtisadi əlaqələrin ölkələr arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb, iqtisadi-ticari əlaqələrin hazırkı səviyyəsinin daha geniş əməkdaşlıq üçün zəmin yaratdığı bildirilib.
Söhbət zamanı parlamentlərin qarşılıqlı fəaliyyətinin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsində vacib rolu diqqətə çatdırılıb. Bu sahədə müntəzəm təmasların, dialoq və fikir mübadiləsinin əhəmiyyəti qeyd edilib. Sahibə Qafarova bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Sinqapura ilk səfəri olduğunu diqqətə çatdıraraq, səfər çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verib və bu görüşlərin, aparılan müzakirələrin münasibətlərimizin inkişafına müsbət töhfələr verəcəyinə inamını ifadə edib. Görüşdə parlamentlərarası əlaqələr çərçivəsində beynəlxalq parlament təşkilatlarında da əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həm Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, həm də ASEAN Parlamentlərarası Assambleyasının əməkdaşlıq baxımından yaxşı platformalar olduğu vurğulanıb.
Milli Məclisin sədri hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh danışıqları barədə də məlumat verib.
Söhbət zamanı bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da danışılıb. Sinqapur Prezidenti ölkəsinin bu tədbirdə güclü şəkildə təmsil olunacağını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
KARUSEL / SİYASƏT
Tarix: 15-05-2024, 11:42