mobil versiya

“Tərtər işi” ilə bağlı ittiham olunan daha 4 nəfərə hökm oxunub



Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.(apa)

KARUSEL / CƏMİYYƏT
Tarix: 4-06-2024, 16:54