Putin müşavirə keçirib -(Video)
Rusiya prezidenti Ukrayna ilə danışıqları mümkünsüz saydı
Rusiya prezidenti Vladimir Putin Novo-Oqarevodakı iqamətgahında videokonfrans vasitəsilə iclas keçirib. Fövqəladə iclasın mövzusu Ukraynanın Kursk vilayətinə hücumu olub.
“İnterfaks”ın yaydığı məlumata görə, Putin bildirib ki, hazırda Rusiya Müdafiə Nazirliyinin əsas vəzifəsi “düşməni ərazilərimizdən sıxışdırıb çıxarmaq və sərhədlərin etibarlı müdafiəsini təmin etməkdir”: “Əsas vəzifə, şübhəsiz ki, Müdafiə Nazirliyinin qarşısındadır - düşməni sıxışdırıb ərazilərimizdən çıxarmaq və sərhəd xidməti ilə birlikdə dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmək. FSB Rusiya Qvardiyası ilə birlikdə düşmənin diversiya və kəşfiyyat qruplarına qarşı effektiv mübarizəni təmin etməlidir. Baş verən hadisələrə qeyd-şərtsiz qiymət verilməlidir. Bu, həyata keçiriləcək. Amma indi əsas məsələ aktual problemləri həll etməkdir”.
Rusiya prezidentinin sözlərinə görə, Kiyev özünün “Qərb ağalarının” köməyi ilə Rusiya ərazisinə hücum edərək “gələcəkdə danışıqlarda mövqelərini yaxşılaşdırmağa” çalışır: “Bəs, biz dinc əhaliyə, mülki infrastruktura fərq qoymadan hücum edən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansı danışıqlardan danışa bilərik? Onlarla nə danışa bilərik?”.
Rusiya prezidenti bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin sərhədyanı ərazilərdə əməliyyatının əsas məqsədi Rusiya ordusunun irəliləyişini dayandırmaqdır. “Bəs, təmas xəttində nə baş verir? Rusiya silahlı qüvvələrinin, könüllülərin və veteranların hücum əməliyyatlarının sürəti nəinki azalmadı, həm də 1.5 dəfə artdı. Düşmənin digər məqsədi cəmiyyətimizə nifaq salmaq, insanları qorxutmaq, Rusiya cəmiyyətinin birliyini pozmaqdır. Amma burada da artıq vətəndaşların cavabı var - bu, çətinliyə düşənlərə hər kəsin yekdil dəstəyidir. Bu, orduya dəstək və bizim adamlara, Rusiyanı müdafiə edən əsgərlərə qoşulmaq istəyənlərin sayının artmasıdır”.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 12-08-2024, 17:22