İƏT İsrailin Filadelfi dəhlizi ilə bağlı bəyanatlarını pisləyir, Misiri dəstəkləyir
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha İsrailin işğalçı qüvvələrin Filadelfi dəhlizində qeyri-qanuni mövcudluğunu davam etdirməsinə haqq qazandırmağa çalışan İsrailin son bəyanatlarını pisləyib.
Xarici media xəbər verir ki, Taha bu bəyanatları atəşkəs razılaşmasının pozulması və İsrailin hərbi təcavüzü, soyqırımı, aclıq, mühasirə və Qəzza zolağında Fələstin xalqının məcburi köçkünlüyünün uzadılmasına görə məsuliyyətdən yayınma cəhdi kimi səciyyələndirib.
Baş katib təşkilatın Misirlə həmrəyliyini ifadə edərək, onun regionda sülh, təhlükəsizlik və sabitliyin təşviqində mühüm tarixi rolunu etiraf edib. O, beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının 10 iyun 2024-cü il tarixdə qəbul etdiyi 2735 saylı qətnaməsinə uyğun olaraq Qəzzada hərtərəfli atəşkəsin təmin edilməsi və İsrail qüvvələrinin Filadelfi dəhlizindən və bütün Qəzza zolağından tamamilə çıxarılmasını təmin etmək üçün təcili və qəti addımlar atmağa çağırıb.
O, həmçinin İsrailin baş nazirinin işğal altındakı İordan çayının qərb sahilini istisna edən xəritə təqdim etməsini pisləyib. O, bu hərəkəti Fələstin xalqının varlığını və qanuni hüquqlarını inkar edən irqçi və qeyri-qanuni İsrail siyasətinin davamı kimi qiymətləndirib. O, həmçinin bəyan edib ki, bu hərəkət işğal olunmuş Fələstin ərazisində qeyri-qanuni müstəmləkə işğalı və məskunlaşma rejimini möhkəmlətmək cəhdidir və iki dövlətli həllin həyat qabiliyyətinə xələl gətirir.
Taha beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasını Beynəlxalq Ədalət Məhkəməsinin İsrail işğalını qanunsuz elan edən məsləhət rəyini dəstəkləməyə çağırıb. O, bu qurumları İsrailin işğal olunmuş Fələstin ərazilərində qeyri-qanuni mövcudluğuna tez bir zamanda son qoymaq üçün zəruri tədbirləri nəzərdən keçirməyə çağırıb.
KARUSEL / DÜNYA
Tarix: 5-09-2024, 14:05