Almaniya səfiri: "İki ölkə sülh sazişinə heç vaxt bu qədər yaxın olmayıb"
"Almaniya Azərbaycanı COP29-un gələcək sədri kimi ilk gündən dəstəkləyir. Çünki biz bunun təkcə bir ölkə üçün deyil, bütün planet üçün hansı imkanlar açdığını görürük".
Reportyor.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Alman Birlik Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Səfir deyib ki, Almaniya COP29-un müvəffəqiyyətli olmasında maraqlıdır və elektromobillik daxil olmaqla və bərpa olunan və davamlı gələcəkdə enerji keçidini fəal şəkildə təşviq edir. 2030-cu ilə qədər enerji keçidi bütün dünyada 30-50 milyon yeni iş yeri yaradacaq. Almaniya COP-un yeni sədri kimi əvvəldən Azərbaycanı dəstəkləyib: "Və mən Azərbaycan hökumətinə bu mühüm konfransın hazırlanmasında və onun uğurunun təmin edilməsində göstərdiyi gözəl işlərə görə təşəkkür etmək istərdim”.
İlk gündən COP29 Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə sıx bağlı idi. COP29-un Cənubi Qafqazda sülhün bərqərar olmasına da kömək edəcəyinə böyük ümidlər bəsləyirik. İki ölkə sülh sazişinə heç vaxt bu qədər yaxın olmayıb. Hər iki tərəf sülhə doğrü cəsarətli addımlar atmışdırvə biz onları sülh sazişinə gedən yolun ən son və ən çətin olan kəsiyinin keçməyə təşviq edirik. Almaniya bu prosesi dəstəkləməyə hazırdır.
Diplomat əlavə edib ki, Almaniya da Avropa İttifaqının üzvü kimi Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsinə və möhkəmlənməsinə sadiqdir: “Bu il ərzində biz bir çox məsələləri nəzərdən keçirdik və gələcəkdə də bu istiqamətdə işi davam etdirməyi səbirsizliklə gözləyirik. ”
Azərbaycan hökuməti adından Alman xalqını bayram münasibəti ilə təbrik edən Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə idarəsinin rəisi Məmməd Əhmədzadə deyib ki, Almaniya Azərbaycanın Avropa İttifaqı ölkələri arasında ikinci ən böyük ticarət tərəfdaşıdır.
M.Əhmədzadə əlavə edib ki, Azərbaycan Almaniya arasında iqtisadi əlaqələrin inkişafından məmnundur, Azərbaycanda çoxlu sayda alman şirkətləri fəaliyyət göstərir. Ötən il qarşılıqlı ticarətin həcmi 1,8 milyard ABŞ dollarına çatıb. Bu ilin 8 ayında isə bu rəqəm 980 milyon dollar təşkil edib.
Əhmədzadə deyib ki, Azərbaycan-Almaniya Ticarət və İnvestisiya üzrə Yüksək Səviyyəli İşçi Qrupu iqtisadi əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Almaniyanın Şərq Biznesləri Assosiasiyası tərəfindən bu il müxtəlif alman şirkətlərinin ölkəmizə təşkil etdiyi missiya yeni əməkdaşlıq imkanlarının araşdırılması baxımından faydalı olub.
O, həmçinin qeyd edib ki, Almaniya tərəfinin Bakıda keçiriləcək COP29 konfransına hazırlıqda iştirak etməsi ikitərəfli əməkdaşlığın müsbət nümunələrindən biridir.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 3-10-2024, 20:03