mobil versiya

Almaniya səfiri: “Növbəti 30 ildə əlaqələrimiz daha da inkişaf etdiriləcək”


Almaniyanın Birlik Günü ilə bağlı bu ölkənin Bakıdakı Səfirliyi rəsmi qəbul təşkil edib. 

35 saylı musiqi məktəbinin şagirdlərinin ifasında hər iki ölkənin Dövlət himni səsləndirildikdən sonra səfir Ralf Horlemann çıxış edərək bu günün Almaniyanın tarixində böyük əhəmiyyət kəsb etdiyi vurğulayıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunmasına toxunan diplomat deyib ki, növbəti 30 ildə də bu əlaqələr daha da inkişaf etdiriləcək, xüsusi ilə bu enerji, ticarət, mədəniyyət və digər sahələrdə olacaq.

Çxışında Rusiya Ukrayna müharibəsinə toxunan səfir deyib ki, hazırda Ukrayna çətin günlər yaşayır, amma Almaniya və digər müttəfiqləri Ukraynanı bu mübarizəsində dəstəkləyir: “Almaniya və Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində eyni mövqeni bölüşürlər və mən buna çox şadam”.

Azərbaycan hökuməti adından Birlik Günü münasibətilə alman xalqını təbrik edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov iki ölkə arasında qarşılqlı faydalı əməkdaşlığın olduğunu və bunun hər iki ölkənin maraqlarına xidmət etdiyini qeyd edib.

Nazir deyib ki, Azərbaycan hökuməti Almaniya ilə hər zaman xüsusi əməkdaşlığa, yüksək səviyyəli münasibətlərə önəm verib. Bu gün Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. Nazir əlavə edib ki, ölkələr arasında münasibətlər ikitərəfli və çoxtərəfli əsasda müxtəlif sahələrdə inkişaf edib. Bu ilin ilk 8 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 670 milyon dollara çatıb. Onun sözlərinə görə, Azərbaycan və Almaniya enerji sektorunda mühüm tərəfdaşlardır. Xüsusilə, Avropa İttifaqı həmişə SGC-ni dəstəkləyib: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerjinin inkişafı istiqamətində işlər aparılır ki, bu da onun Avropaya ixracına imkan verəcək”.

Reportyor.az 

 


SİYASƏT
Tarix: 4-10-2022, 09:45