Bu şəxslərin ödədiyi vergi bu gündən 4 dəfə azaldılır
“Vergi Məcəlləsinə” edilən yeni dəyişikliklər əsasən, bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə bu gündən 75 faiz güzəşt tətbiq olunmağa başlanıldı. Dəyişikliklər ilə proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s. istiqamətlər üzrə vergi güzəşti tətbiqinə start verildi.
Reportyor.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Yəni, VOEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən bu gündən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək. Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır. Bu halda, o gəlirindən bu ildən etibarən 2024-cü ildə olduğu kimi 600 manat deyil (3000 manat X 0.20), cəmi 150 manat (3000 manat X 0.05) vergi ödəyəcək. Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur.
Yeni qaydalar mikro sahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab olunur. Bu qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-01-2025, 11:20