mobil versiya

Bu filmlərin təqdimatı keçiriləcək



Yanvarın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə lentə alınmış “Narqız” animasiya, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, hər üç film 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” və 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək” müsabiqəsində qalib gəlmiş ekran əsərləridir.
“Peri Film” MMC tərəfindən istehsal olunmuş “Narqız” filminin rejissoru tamaşaçıların “Tıq-tıq xanım” animasiya filmi ilə yaxşı tanıdığı Məsud Pənahidir.
“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunmuş “Erkən hisslər” qısametrajlı bədii filmi 2023-cü ilin sonunda keçirilmiş film müsabiqəsinin qalib işlərindəndir. Ekran işini gənc rejissor Nurlan Həsənli lentə alıb.
Kinotənqidçi, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” qısametrajlı bədii filmi “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib.
Xatırladaq ki, ötən bir il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə ayrılıb. Həmin filmlərin təqdimatı il ərzində davam edəcək.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 17:54