Azərbaycan Zəngəzur dəhlizinin reallaşacağını artıq zərurətə çevirib - Zaur İbrahimli

Zəngəzur dəhlizinə daxil olan, Azərbaycanın İran və Ermənistanla sərhədinin qovşağına qədər uzanan dəmir yolu xəttinin tikintisi artıq başa çatmaq üzrədir və bir ildən az müddətdə tam hazır olacaq.
Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesində əhəmiyyətli rol oynayacaq dəhlizin formalaşmasının əleyhinə çıxan İranın əsas məqsədi Asiya ilə Avropanı birləşdirən yolların öz ərazisindən keçməsini təmin etməkdən ibarətdir. Lakin Yaxın Şərqdəki qeyri-sabit vəziyyət həm Asiya, həm də Avropa dövlətlərinin və korporativ şirkətlərin marağını Orta Dəhliz və onun əsas seqmenti olan Zəngəzur dəhlizinə yönəldib.
Bu sözləri “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.
O bildirib ki, hazırda Avrasiya məkanında davam edən müharibələr Çin ilə Avropa arasındakı ticarət əlaqələrinin məhz Orta Dəhliz üzərindən aparılmasını zərurətə çevirib. Rusiya-Ukrayna müharibəsi şimaldan, İran-ABŞ müharibəsi isə cənubdan Avropaya gedən yolları təhlükəli vəziyyətə salıb. Orta Dəhlizdə iştirak edən Mərkəzi Asiya respublikaları və Azərbaycanın yükdaşıma həcminin 2030-cu ilə kimi 11 milyon tona çatdırmaq planları təsadüfi xarakter daşımır. Avropa İttifaqının (Aİ) “Global Gateway” təşəbbüsü çərçivəsində dəhlizin inkişafını dəstəklənir.
“Fransanın “Expertise France” və Almaniyanın GIZ şirkətləri Orta Dəhlizin inkişafına fəal şəkildə kömək edir, logistikanın rəqəmsallaşdırılmasına və yüklərin tranzit müddətinin azaldılmasına xüsusi diqqət yetirir. “Expertise France”ın direktoru Jeremi Pellenin bildirib ki, iş iki əsas istiqamətdə aparılır. Birinci infrastrukturun maliyyələşdirilməsi, ikincisi isə malların tranziti üçün effektiv kommunikasiyaların təmin edilməsidir. Bununla yanaşı, 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb ki, bu da yükdaşımanın həcmini 62 faiz artırıb”, - deyə ekspert əlavə edib.
O qeyd edib ki, “Almaniyanın “Rhenus Logistics”, Avropada tanınmış “MALBI-trans” və “Carpatica Feroviar” logistika şirkətləri də Orta Dəhlizin təqdim etdiyi xidmətlərdən istifadə edir. Zəngəzur dəhlizi istismara verildikdən sonra isə adı yuxarıda göstərilən şirkətlərlə yanaşı, Çinin də Avropa ilə ticarət aparan biznes strukturları Zəngəzuru seçəcək. Çünki bu, həm yaxın, həm də az nəqliyyat xərci tələb edən yoldur: “İranın narazılığına gəldikdə isə qeyd etmək lazımdır ki, əvvəla İran da bu dəhlizdən istifadə edə bilər. Digər tərəfdən isə şimalda və cənubda müharibələr zamanı gəldikdə başa çatacaq. Dağıdılan yollar, nəqliyyat və tranzit infrastrukturunun bərpası isə illərlə davam etməklə bərabər maliyyə vəsaiti tələb edir ki, müharibədən çıxan dövlətlərin də buna imkanı çatmır. Beləliklə etirazlara baxmayaraq. Zəngəzur dəhlizi mütləq həyata vəsiqə alacaq. Azərbaycan iradəsini ortaya qoyaraq bu layihəyə başlayıb, ABŞ, Avropa və Çindən dəstək alıb ki, bu dəhlizin reallaşacağını artıq zərurətə çevirib”. (Azərtac)
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 16:03


























